Bakıda tikilən parklar büdcəyə neçəyə başa gəlir? İqtisadçı milyonların izinə düşüb

15-06-2022, 08:38           
Bakıda tikilən parklar büdcəyə neçəyə başa gəlir?
Son aylarda paytaxtda bir neçə istirahət parkı istifadəyə verilib və onların açılış mərasiminə dövlət başçısı da qatılıb. Sakinlər bu tip tədbirlərdən məmnundurlar, bunu səhər və axşam saatlarında istirahət məkanlarının insanlarla dolu olması, sosial şəbəkələrdə çoxsaylı paylaşımları da təsdiq edir.

Bəs bu parklar dövlətə neçəyə başa gəlib? Bunu müəyyənləşdirmək üçün açıq mənbələrdə hər hansı informasiya yoxdur.


İqtisadçı Toğrul Maşallı deyir ki, yeni parklarla bağlı ən narahatedici məqam da onların təşkilinə xərclənmiş vəsaitlərin şəffaflığıdır. O bildirir ki, bu yaxınlarda yaşadığı evin yaxınlığında qurulan Çəmbərəkənd parkı meşə massivində yerləşir. “Orada başqa nəsə təşkil etmək mümkün də deyildi, çünki sürüşmə zonasıdır. Hətta parkı təşkil etmək üçün sürüşməyə qarşı yeni divar tikməli oldular. Hər bir halda, ideya gözəldir”,- o qeyd edib.

İqtisadçının sözlərinə görə, müvafiq parkların təşkili ilə məşğul olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC çox da şəffaf təşkil deyil: “Biz yalnız bilirik ki, 2021-ci ilin noyabrında şəhər ərazisində müxtəlif parkların təşkili üçün 9,9 milyon manat ayrılmışdısa, bu ilin iyun ayında 26,5 milyon manat ayrılıb. Yəni 6-8 ay ərzində Bakı şəhərində parkların (Xətai rayonundan yerləşən Nizami parkından başqa) təşkilinə 36,4 milyon manat ayrılıb. Bakıda eyni zamanda bir neçə parkın tikintisi getdiyi üçün məhz Çəmbərəkənd parkına xərclənən vəsaitin həcmi barədə dəqiq məlumatımız yoxdur. Qeyd edim ki, parkın layihəsi ictimaiyyətə 2022-ci ilin yanvarında təqdim edilib. O zaman hər hansı bir xüsusi tender keçirilməmişdi”.

Ekspert əlavə edir ki, buna baxmayaraq, xərclənən dövlət vəsaitlərinin həcmi ilə bağlı müəyyən ehtimallar irəli sürmək imkanı var: “Deməli, keçən il aprelin 19-da “Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi”nə dair sərəncam imzalayıb. Sərəncama görə, Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılmışdı. Başqa sözlə, bu parkda abadlıq işləri başqa mənbə hesabına həyata keçirilirdi. Ona görə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Nizami parkına dair ayrıca tenderlər keçirməli idi. Dövlət satınalmalar reyestrində olan məlumata görə, parkın layihə-smeta sənədlərinin hazırlanması 200 min manata, abadlıq işlərinin görülməsi isə 13,7 milyon manata başa gəlib. Beləliklə, park 13,9 milyon manata başa gəlib. Bir hektarı təxminən 1.2 milyon manata”.

T.Maşallı vurğulayır ki, Nizami parkının ərazisi 11,2 hektar təşkil etdiyi halda, Çəmbərəkənd parkının ərazisi 4 hektardır. Əgər bərabər şərtlər olsa, o zaman bu park 5 milyon manata başa gəlməli idi: “Amma ciddi bir fərq var. Məsələ ondan ibarətdir ki, Nizami parkı 1938-ci ildən bu yana mövcuddur. Orada artıq cığırlar və s. var idi. İnfrastrukturu sadəcə bərpa edib, yeniləmək lazım idi. Çəmbərəkənd parkı isə sıfırdan tikilirdi, təsəvvür edin ki, sürüşmə zonasında fontan təşkil olunurdu. Bu da müvafiq xərclərin artımına səbəb olmalı idi. Azərbaycanda tikinti sahəsində mövcud olan “adət-ənənələri” nəzərə alsaq, parkın qiyməti fikrimcə 7-9 milyon manatdan az deyil”.
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.