Hazırlaşın: Ot bahalaşıb, ətin də qiymətini qaldıracaqlar…

15-06-2022, 08:48           
Hazırlaşın: Ot bahalaşıb, ətin də qiymətini qaldıracaqlar…
Azərbaycanda ot biçini, əsasən, başa çatıb. Amma bəzi rayonlarda otun bahalaşdığı bildirilir.

“Heyvanın qiymətinə təsir göstərəcək”
Yevlax rayonunda yaşayan fermerlər AzadlıqRadiosuna deyiblər ki, əvvəllər rayonda otun bir bağlanması 3-4 manata satılırdısa, indi 4-5 manata yüksəlib. “Saman 2 manatdır. Otun, konkret yoncanın qiyməti ona görə qalxıb ki, ona gübrə verilir. Gübrənin qiyməti isə qalxıb. Həm də ot bəzi yerlərdə azdır. İki dəfə məhsuldarlıq aşağı düşüb”, – adının çəkilməsini istəməyən fermerlərdən biri vurğulayıb.

Heyvan satışı ilə məşğul olan şəxslər də deyirlər ki, məcbur olub bahalaşmış ot alırlar: “Qiymətlər elə baha qalsa, bu, satdığımız heyvanın qiymətinə təsir göstərəcək”.

Şamaxı rayonundan olan fermerlər isə bu il otun qiymətində bahalaşma müşahidə edilmədiyini vurğulayıblar. Həmin rayonda ot, əsasən, dəmyə yetişir.

“Qiymət artımı bütün dünyada problemə çevrilib”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə “Turan”a deyib ki, ümumilikdə qiymət artımı təkcə Azərbaycanda deyil, bütün dünyada böyük problemə çevrilib: “Hətta dövlət başçısı İlham Əliyev hökumətin iclasında da bildirdi ki, elə məhsullar var, onların qiyməti 18-20 faiz qalxıb. Proses gedir. Bu, birinci növbədə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır, ikincisi də dünyada ərzaq qıtlığı artır. Biz də ərzaqları idxal edən ölkələrin sırasındayıq. Bununla da ölkəyə inflyasiya idxal olunur”.

Komitə üzvü Azərbaycanda ət istehsalı üçün lazım olan məhsulların bahalığına diqqət çəkib: “Onların bəziləri xaricdən gətirilir, bəziləri daxildə istehsal olunsa belə, komponentləri xaricdən idxal olunur. Bu da qiymətlərin artımına səbəb olur”.

Deputat çıxış yolunu ölkədə ərzaqların istehsalının artırılmasında görür.

“Yem komponentlərinin qiymətləri xeyli artıb”
Kənd məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, bu il otun və digər yem məhsullarının qiymətlərinin artacağı gözlənilən idi: “Uzun müddətdir ölkəyə idxal olunan yem komponentlərinin – arpa, qarğıdalı, soyanın qiymətləri xeyli artıb. Daxildə də eyni adda məhsulların qiymətinin bahalaşmasını müşahidə edirik. Son altı ayda iki dəfədən çox bahalaşma olub”.

Onun sözlərinə görə, otun bahalaşması təbiidir: “Ot istehsalımız get-gedə azalır. Örüş ərazilərini hökumət əkin sahəsi kimi istifadə edir. Əksər fermerlər bu səbəbdən əvvəlki kimi heyvanları örüş sahələrinə çıxara bilmirlər və məcbur olub onları qapalı şəraitdə saxlayırlar. Bu səbəbdən də ota tələbat artır. Tələbat artdıqca qiymət bahalaşır”.

“Payız aylarında…”
Ekspert qeyd edib ki, gübrənin qiyməti də iki dəfə artıb, bu da ot istehsalçılarının xərclərini artırıb. Onun fikrincə, otun bahalaşması heyvandarlıq məhsullarının qiymətinin artımına təsir göstərəcək: “Artıq süd və süd məhsullarının qiyməti qalxıb və çox yüksəkdir. Sənaye üsulu ilə istehsal olunan südün bir litri 3 manatdır. Yeganə ətin qiymətində, hələlik, artım yoxdur. Yayda ətdən o qədər də istifadə olunmur, amma payız aylarında ətin də qiymətində artım gözlənilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.