Turistlərlə turizm şirkətləri arasında sığorta müəmması

15-06-2022, 08:39           
Turistlərlə turizm şirkətləri arasında sığorta müəmması
Son günlər baş vermiş qəzalar səyahət sığortasını gündəmə gətirib
Artıq yay fəslinin gəlişi ilə xarici ölkələrə, eləcə də ölkə daxilində bölgələrə müxtəlif səfərlər təşkil edilir. Tədris ilinin sonu olduğu üçün məktəblilərin də müxtəlif istirahət məkanlarına səfərləri artıb. Son günlər isə səfərlər zamanı qəzaların baş verməsi başqa bir vacib məsələni - səyahət sığortasını gündəmə gətirib...

Yada salaq ki, bir gün öncə Bakı-Şamaxı yolunda baş verən ağır qəzada xəsarət alan 279 nömrəli məktəbin şagirdlərinin valideynləri ilə tur şirkəti arasında insident olub. Buna səbəb isə tur şirkətinin öz öhdəliyini yerinə yetirməməsi, şagirdlərin müayinə və müalicəsi üçün lazım olan ödənişi etməməsidir. Hadisədə qolu qırılan şagird bu səbəbdən üçüncü dəfə xəstəxana dəyişdirməli olub. Əsəblərini cilovlaya bilməyən valideynlər isə tur şirkətinin nümayəndəsi ilə əlbəyaxa dava ediblər.

Yeri gəlmişkən, Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov mediaya açıqlamasında vacib bir məqama toxunub. O deyib ki, turizm şirkəti vasitəsilə səfərə çıxacaq şəxsin mütləq səfər sığortası olmalıdır: “İstər xarici, istər daxili turlarda hər bir tur iştirakçısının səyahət sığortası olmalıdır. Səfər sığortası tur zamanı baş verə biləcək bədbəxt hadisələr zamanı maddi zərəri qarşılayır. Çox təəssüf ki, əsasən ölkədaxili turlarla məşğul olan şirkətlər müştəriləri səyahət sığortası etməkdə maraqlı deyil. Şirkətlər buna səbəb kimi turların bir günlük və ucuz olmasını göstərirlər. Səyahət sığortası olacağı təqdirdə turun da bahalaşacağı qaçılmaz olur”.

Ə. Qurbanov onu da qeyd edib ki, vətəndaşlar ilk növbədə qiyməti yox, səyahəti təşkil edən turizm şirkətinin nə qədər peşəkar olduğunu nəzərə almalıdırlar: “Ölkədə qeyri-qanuni turizm fəaliyyəti göstərən şəxslər var. Belə şəxslərə səyahətinizi etibar etməyin. Turla səfərə çıxan hər kəs özü şirkətdən səyahət sığortası tələb etməli və bunda maraqlı olmalıdır”, - Turizm Assosiasiyasının sədri deyib.

Tur şirkətləri yerli və əcnəbi turistləri sığorta edirlərmi? Qanunvericilikdə bununla bağlı nələr nəzərdə tutulur?

Bir neçə turizm şirkəti ilə əlaqə saxlayaraq mövcud durumu öyrənməyə çalışdıq. “Avantage Travel” şirkətinin meneceri Nərminə Babayeva bizimlə söhbətdə bildirdi ki, müştərilərə sığorta təklif edilir: “Biz yalnız xarici turlar təşkil edirik, sığorta haqqı da baha deyil və bu, turun qiymətinə təsir etmir”.

“Amina Tour” şirkətinin nümayəndəsi isə bu sahədə olan problemlərdən söz açdı: “Sığorta bütün müştərilərə təklif olunur və onun ödənişinə əlavə olunur. Elə müştəri var onu ödəmək istəmir. Axırıncı hadisə ilə bağlı turizm şirkətinin heç bir günahı yox idi. Çünki müştəriyə qiymət yüksək deyildiyi halda bəzən bir manata görə mübahisələr edir. Amma hadisə baş verəndə şirkətin üstünə düşürlər. Bir sual da verim. Həmin o valideyn, özü şəxsi maşını ilə gedərkən qəzaya uğrayırsa, avtomobil şirkətini şikayət edir?! Görün, həmin hadisə zamanı şirkəti şikayət etmək nə qədər absurd bir məsələdir. Sığortanı turizm yox, nəqliyyat şirkəti özü etməlidir. Çünki turizm şirkətlərinin 99 faizinin şəxsi nəqliyyatı yoxdur. Onu nəqliyyat şirkətindən alırlar. Onu nəqliyyat şirkəti etmədiyi halda, turizm şirkəti müştəriyə təklif edə bilər ki, ”bu yoxdur, amma bunu edəkmi?" Biz yalnız ölkə xaricində təşkil olunan turlar üçün sığorta təklif edirik. Ölkə daxilində tur təşkil etmirik. Müştəri hotelini bron edir, öz maşını ilə gedir. Ölkə daxilində sığortalanmaması məsələsi müştərinin öz problemidir. Müştərilər qiymətin ən ucuzunu istəyir, sığortanı düşünmür. Hadisə baş verəndən sonra öz günahını qəbul etmək istəmir, günahkar axtarır. Günahkar da turizm şirkəti sayılır. Hamımız bu ölkənin vətəndaşıyıq, övladıyıq. Qəzada yaralanan o körpələr də bizimkidir. Turizm şirkətinin nümayəndəsini vuran valideynlərə səslənirəm, onu orada öldürsəydilər, buna kim cavab verəcəkdi?!"

“Amina Tour”un rəsmisi onu da dedi ki, xaricə səfərlər zamanı müştərilər sığorta ilə bağlı imtina etmirlər: “Sığorta qiymətləri şirkətə görə dəyişir. Qiymətlər səyahətin müddətinə görə dəyişir. Mən doqquz ilimi turizmə həsr etmişəm. İstəyim odur ki, turizm şirkətləri lisenziyalaşdırılsın. O zaman belə problemlərlə üzləşməyəcəyik. Lisenziya olarsa, turizm şirkəti turpaketi ucuz qiymətə satmayacaq, travel şirkəti də sığortanı verəcək, problemlər də olmayacaq. Biz bununla bağlı Dövlət Turizm Agentliyinə bildirmişik. Onlar da bildiriblər ki, tez bir zamanda olacaq”.

“Skal” Turizm Peşəkarları Təşkilatının sədri, turizm eksperti Ceyhun Aşurovun da mövzu ilə bağlı “Yeni Müsavat”a söylədikləri diqqət çəkir: “Turistlər bu cür turları seçərkən adətən qiymətin ucuzluğuna baxır. Bu, bir az aldadıcı olur. Hətta 3-5 manat daha ucuzuna gedir, amma orada qeyri-peşəkar təşkilatlarla işləyir, bununla da gözlənilməz nəticələr olur. Bunların qarşısını almaq üçün insanlar diqqətli olmalıdırlar, turizm şirkətləri ilə bağlı araşdırma aparmalıdırlar. Burada təkcə qiymət faktoru rol oynamamalıdr. Turizm şirkətlərinin reyestr məsələsi artıq gündəmdədir. İstənilən halda, turizm şirkəti tur təşkil edirsə, sığorta olmalıdır. Bəzən heç turizm şirkəti də olmur, ofisi olmayan bu şəxslərin, sadəcə, VOEN-i var və turizm şirkətinin adından çıxış edir, qiymət tempinqi əsasında, minimum gəlir qarşılığında insanların həyatını riskə atırlar. Daha çox insanı cəlb edir, daha çox pul qazanırlar. Turlarda bir çox risklər ola bilər ki, ən azı bələdçilər bu risklərdən yayına bilirlər, yaxud da bunu öncədən nəzərə ala bilirlər. Bunların yoxladığı maşın yoxlamadan keçmiş olur, sürücü daha məsuliyyətli olur və sair. Amma istənilən halda, biz son hadisə ilə bağlı videoları izləyəndə məyus olduq. Valideynləri də başa düşmək olur, amma turizm şirkətinin nümayəndəsinin üzərinə hücum çəkmək xoşagəlməz haldır. Nəticə olaraq heç bir turizm şirkəti, təşkilat istəməzdi ki, belə bir hal olsun. Bu, qəzadır, bunun həlli yolu ancaq sığortadır. Bu cür halların yaşanmaması üçün ən doğru yanaşma gedəcəkləri məkanın referansını almaqdır, yaxud onun təcrübəsini öyrənməkdir. Bir çox hallarda müştərilərin aldadılması faktları olur, daha aşağı qiymət verməklə müştəriləri cəlb etmək istəyirlər. Amma müştəri hotelə gəldikdən sonra ona reklam olunan otağın verilmədiyi, yaxud da hansısa bir xidmətin ora daxil olmadığı sonradan bildirilir. Yaxşı olardı ki, öncədən müştərilərə açıq şəkildə informasiya verilsin. Ola bilər ki, hansısa müştəri sığortanı bağlamaq istəməsin, bununla bağlı anlaşma bağlanmalıdır. Turizm paketlərinin sığortalanması və turizm fəaliyyətinin sığortalanması məsələsi ”Turizm haqqında" Qanunda öz əksini tapıb, bunun tətbiqi genişləndikcə, bu məsələlər tədricən aradan götürüləcək".

Dövlət Turizm Agentliyindən isə mövzu ilə bağlı “Yeni Müsavat”a bildirildi ki, tur zamanı turistlərin həyat və sağlamlığına zərər dəyməsinə səbəb olan hadisələrin baş verdiyi hallarda tur xidməti təşkilatçılarının və avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin əhatə dairəsi dəqiq müəyyən edilməlidir: “Belə ki, ”Turizm haqqında" Qanunun 16.5.2-ci maddəsinə əsasən, turoperator və turagentlərin turistlərə təxirəsalınmaz yardım göstərilməsini təşkil etmək öhdəliyi vardır. Eyni zamanda yol-nəqliyyat hadisələri bilavasitə sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, sərnişinlərə dəyən zərərin ödənilməsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası əsasında həyata keçirilir. Bundan əlavə, tur xidməti təşkil edən şəxslərə turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq olaraq hər bir turistə məxsus könüllü qaydada səfər sığortasının təşkil edilməsi tövsiyə edilir".

Qeyd edək ki, səyahət sığortasının müxtəlif təminatı vardır ki, bunları sığorta şirkətləri təmin edir. Sığorta təminatları əsasən - Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası, fərdi qəza sığortası, xaricə səfər zamanı baqajin sığortası, səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası, hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası, xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası ilə bağlı olur. Qeyd olunan kimi sığorta tibbi xərcləri öz üzərinə götürür. Deməli, ilk və əsas sığorta tibbi sığortadır. Vizasız ölkələrə belə tibbi sığorta alıb getmək məsləhətdir. Tibbi sığortaya isə aiddir: dövlət sərhədlərindən kənarda xəstələnən olarsa, həkim tərəfindən yazılan dərmanların xərci qarşılanır. Amma əvvəlcə sığortanı aldığınız şirkətlə əlaqə saxlayıb xərclərin qarşılanacağından 100 faiz əmin olmaq lazımdır. (Lazımı əlaqə vasitəsi müqavilə imzalanarkən şəxsə verilir), stasionar tibbi müəssisədə müalicə, nəqliyyat xərci, yaşayış yerindən xəstəxanaya kimi istifadə edilən nəqliyyat və ya təcili yardımın bütün xərcləri də qarşılanır. Ölkəni tərk etməyə bilet alıb, səhhəti ilə bağlı geri dönə bilməyən şəxslərin vətənə qayıtması üçün bütün xərcləri sığorta şirkəti tərəfindən ödənilir.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.