"SADƏCƏ AYIB OLSUN..." - Deputat məmurları ittiham etdi

15-06-2022, 13:14           
"SADƏCƏ AYIB OLSUN..." -
"Naxçıvana təyyarəyə bilet tapılmır".

Qafqaz.media xəbər verir ki, bunu Milli Məclisin əslən Naxçıvandan olan deputatı Fazil Mustafa bildirib.

Deputat naxçıvanlıların əlacsız qaldığını vurğulayıb:

"Onlarla adam zəng edib kömək istəyir. Əməlli-başlı dərəbəylikdir. Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir".

F.Mustafa prosesdə bəzi turizm şirkətlərinin əlinin olduğunu istisna etməyib:

"Üstəlik əldə etdiyim məlumata görə bu biletlər gizli şəkildə məlum turizm şırkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm, onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümü bu mövzuda deyəcəyəm".

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" şirkəti (AZAL) bu yaxınlarda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin qiymətini 50 manatdan 60 manata qaldırıb. Bu addım Naxçıvandan olan vətəndaşların narazılığı ilə qarşılanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.