"Əməkhaqqı, müavinət və pensiyalar yenidən artırılmalıdır" - ÇAĞIRIŞ

16-06-2022, 11:48           
"Əməkhaqqı, müavinət və pensiyalar yenidən artırılmalıdır" - ÇAĞIRIŞ
"Əməkhaqqı, müavinət və pensiyalar yenidən artırılmalıdır"
“Azərbaycanın daxili bazarı kifayət qədər bahalıdır”. Teref.az xəbər verir ki, bunu inflyasiyanın artması fonunda əhalinin üzləşdiyi maddi çətinlikləri dəyərləndirən iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, bahalaşmanın yaratdığı problemlərin qarşısını almaq üçün əməkhaqqı və pensiyaların artırılması vacibdir:

“Azərbaycanda büdcə indeksinin yaxşılaşdırıldığı göstərilir. Apardığım araşdırmalara görə, büdcə hesablanmasında şəffalıq yoxdur. Son illər ölkədə büdcə korrupsiyası geniş yayılıb. 2022-ci il üçün büdcənin icrası ilə bağlı Maliyyə Nazirliyi və Hesablama Palatasının verdiyi rəydə 2.2 milyard manatlıq büdcə kəsirinin olacağına dair məlumat var. Bu, korrupsiyaya yönələn məsələlərin daha aktual olduğunu göstərir. Maliyyə vəsaitlərinin mənimsənilməsinə görə icra hakimiyyətləri və müdafiə sektoru daha öndədir. Bütün hallarda əziyyət çəkən sıravi vətəndaşlardır. Təəssüf ki, əhali hər gün qiymət dəyişimi ilə üzləşir. Xüsusən də ərzaq məhsulları ilə bağlı bahalaşma var.

Əvvəllər yay mövsümündə ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti ucuz olurdu, amma indi bu hal müşahidə edilmir. Kənd təsərrüfatı məhsulları daha çox ixraca yönəldilir və buna görə də daxili bazarlarda qiymət ucuzlaşmır. Hətta Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının qiyməti Moskvada daha ucuzdur. Bu, Azərbaycanın daxili bazarının kifayət qədər bahalı olduğunu göstərir. İndiki halda ciddi sosial narazılıq müşahidə olunmadığına görə, qiymətlərdə ucuzlaşma baş vermir. Lakin vətəndaşların maddi çətinliklə üzləşməsi boşanma halarının artması, nikahların sayının azalması, ölkədən köç və s. kimi problemləri daha da artırıb.

İndiki inflyasiya halında əməkhaqqı, müavinət və pensiyaların, ən azı, 50 faiz artırılmasına ehtiyac var. Əslində, hökumətin bu addımı reallaşdırmağa imkanı var. Ən azından, 20 faizlik artım baş verə bilər. Bu, əlavə 1.2 milyard manat vəsait tələb edir. Dünya bazarında neftin qiymətlərinin bahalaşdığını, gələcək gəlirləri və mövcud imkanları nəzərə alsaq, 20 faizlik artım problem yaratmaz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.