Qızıl bazarında qorxu: Rusiya Azərbaycanı da "silkələyir"? - GƏLİŞMƏ

23-06-2022, 08:58           
Qızıl bazarında qorxu:
Rusiya və Ukrayna arasında müharibə davam edir.

Rusiyanın Ukraynaya hücumu səbəbəilə Avropa İttifaqı, Birləşmiş Ştatlar müttəfiqləri Rusiyaya bir sıra sanksiyalar tətbiq edib. Növbəti sanksiyanın isə Rusiya qızılına təbiq olunacağı gözlənilir.

Belə ki, Avropa İttifaqı (Aİ) Ukraynaya təcavüzünə görə rəsmi Moskvaya qarşı növbəti məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Rusiya qızılı ilə bağlı sanksiyaların tətbiqini nəzərdən keçirir.

Mənbələr bildirirlər ki, Avropa Komissiyası indi sanksiyaların növbəti mərhələsinə qızılın əlavə edilməsi üzərində işləyir.

23-24 iyunda Madriddə keçiriləcək Aİ dövlət başçılarının sammiti çərçivəsində sanksiyalar üzərində işin davam etdirilməsi gözlənilir.

Azərbaycan qızıl bazarında bir çox ölkələrlə yanaşı, Rusiya qızılına da tələbat var. Əvvəllər keçmiş Sovet ölkəsi kimi, vətəndaşlar daha çox rus qızılına maraq göstərirdilər. Ölkədə qızıl bazarı ildən-ilə genişlənir və bazarda digər ölkələrin istehsalına da maraq artıb.

Bunu “Moskva” univermağından Cebhe.info-ya verilən məlumatda da təsdiqləyiblər.

Univermaqdan qızılın qiymətində artım olmasa da, bazarda durğunluğun olduğunu bildirdilər.

“Hazırda qızıl bazarında Türkiyə, İtaliya və digər ölkələrin istehsal etdikləri qızıl zinət əşyaları var. Artıq Rusiya qızılına maraq azalıb. Qiymətlər zinət əşyasının modelinə görə dəyişir”. Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Razi Abbasbəyli isə saytımıza açıqlamasında bildirdi ki, Rusiya qızılının bazarda payı azdır:

“Son iki ay ərzində dünya bazarında qızılın qiymətində ciddi artım görmürük. Qızılın qiyməti, demək olar ki, dəyişmir. Ötən həftələrdə qızılın qiymətinin azalmasını gördük.

Rusiya dünyada qızıl ixrac edən ölkələrin arasında ilk onluqda sonuncu yerləri paylaşır. Böyük və zəngin ehtiyatları olsa da, Rusiyanın dünya bazarlarına qızıl çıxarma göstəricisi aşağıdır”.

İqtisadçı Azərbaycanın özünün qızıl istehsaıl və emal sənaye sektoru olduğunu deyib:

“Azərbaycan ötən il qızıl mədənlərindən əldə etdiyi pulun böyük bir hissəsini ixracata yönəldib. Azərbaycanın dünya bankında valyuta ehtiyatlarının təxminən 20 faizə yaxını qızıl ehtiyatları formasında saxlanılır.

Bu baxımdan əgər dünya bazarlarında qızıla olan tələbat artarsa və təklif azalarsa, dünya birjalarında qiymətlər dəyişərsə, əlbəttə ki, Azərbaycana da təsir edəcək. Yəni həm Azərbaycanın gəlirləri artacaq, həm də pərakəndə bazara təsirini göstərəcək.

Pərakəndə bazara idxal edilən Rusiya qızlının həcmi 30 faizi keçmir, bəzən bu, 20 faiz olur. Bu gün Ərəb Əmirliklərindən, Türkiyədən, İtaliyadan Azərbaycanın qızıl bazarına daha çox qızıl idxal olunur. Adətən, bunlar emal edilmiş hazır fabrikatlar halında olur. Bu səbəbdən də Rusiyaya qızılla bağlı tətbiq edilən sanksiyalar Rusiyanın özünə zərbə olacaq. Rusiyanın əlində olan imkanları, maddi potensialını azaldacaq.

İxracatda hər ay, təxminən, 5 milyard dollar yaxın vəsait itirəcək. Bu da Rusiya üçün növbəti bir ağır zərbə olacaq. Həm də Rusiya qızıl sənayesində kifayət qədər insanlar çalışır və həmin iş yerlərinin bağlanması insanların işsiz qalması ilə nəticələnəcək. Bir tərəfdən, Rusiya qızıl istehsal etmək üçün məhsulları Xorvatiyadan, İtaliyadan, Almaniyadan alırdı. Onlar da bu embarqoya qoşularsa, tamamilə Rusiyada qızıl istehsalı azalacaq.

Xammal kimi dünya bazarında rus qızılına qadağalar qüvvəyə minərsə, Rusiya üçün ağır zərbə olacaq. Azərbaycan üçün hər hansı zərbənin olacağını düşünmürəm. Hesab edirəm ki, dünya bazarında da qızılın qiymətləri köklü şəkildə çox ciddi artmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.