“Televiziya, media buna qarşı durmaq əvəzinə, təəssüf ki, bəziləri bunu daha da dərinləşdirir...” - Qulu Məhərrəmli
23-06-2022, 16:53

“Buna ancaq təəssüflənmək olur. Sosial şəbəkələri müəyyən mənada anlamaq olur ki, onların bir çoxu şəxsi platformalardır, nə istəyirlər, yazırlar. Hərçənd ki, onun özü də müəyyən qədər ictimaidir, çünki ona da xeyli adam baxır”. Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli televiziyalarımızda ailə məsələləriylə bağlı məcrasından çıxan problemlər haqqında danışarkən deyib. Q.Məhərrəmli bu cür hallara görə təəssüfləndiyini bildirib:
“Amma televiziyaların bu yolu seçməsini anlamaq olmur. Yəni reytinq xatirinə, reklam gətirmək naminə açıq-saçıq danışıqlar, hərəkətlər, hətta yataq söhbətlərinin ekrana gəlməsi təkcə biabırçılıq deyil, həm də ictimai əxlaqı pozan, dəyərlərə qarşı düşünülmüş, ona qarşı atılan addımlardır. Bunları qəbul etməklə olmur. Söhbət təkcə mühafizəkarlıqda, kiminsə pis, kiminsə yaxşı düşünməyində deyil. Söhbət cəmiyyətin min illər boyu formalaşdırdığı dəyərlərin tapdalanmasından gedir. Ona görə bu tərzi qəbul etmək olmur. Ümumiyyətlə, media haqqında qanunlarda da milli-mənəvi dəyərlər söhbəti xüsusi olaraq vurğulanır. Məncə, bu yolu gedənlər sadəcə olaraq özlərinin şəxsi maraqları naminə bu yola əl atıblar. Bu verilişlərin heç bir ictimai əhəmiyyəti yoxdur.
Əlbəttə ki, cəmiyyətdə problemlər var, indi ailələrin əsası dağıdılır. Çox təəssüf ki, nə qədər gizlədilsə belə, fahişəlik artır. Yəni bunun miqyası, faciənin dərinliyi çox üzücüdür. Televiziya, media, ictimai platformalar buna qarşı durmaq əvəzinə, təəssüf ki, bəziləri bunu daha da dərinləşdirir. Heab edirəm ki, bununla bağlı əlbəttə, xüsusi yanaşmalar olmalıdır. Televiziya rəhbərləri, prodüserlər düşünməlidir. Yəni bu mövzuya sözün həqiqi mənasında sipər çəkmək lazımdır. Elə mövzular var ki, onlar ictimai müzakirə üçün deyil və onun ictimai müzakirəsi də şüurları zədələməkdən başqa heç nəyə xidmət etmir. Bu baxımdan hesab edirəm ki, əlbəttə, bütün bunlara qarşı ictimaiyyətin ciddi təpkisi olmalıdır”.