Vətən müharibəsi iştirakçılarının müavinətləri artırılacaq - Deputat anons etdi
25-06-2022, 00:07

“Sosial təminat sisteminin daha effektiv və ədalətli olması üçün aşağı gəlirli, həssas təbəqələrin, sağalamlıq imkanları məhdud 18 yaşadək olan uşaqların sosial müdafiəsi və sosial təminatı ilə bağlı işlər görülür. Bununla bağlı cənab Prezidentin də sərəncamı var”.
Bunu Bakupost.az -a millət vəkili Vüqar İsgəndərov Vətən müharibəsi iştirakçılarının müavinətlərinin artırılması ilə bağlı danışarkən deyib.
Milət vəkili bunun dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu vurğulayıb:
“Azərbaycanın 2030-cu il sosial-iqtisadi inkişafa dair milli prioritetləri artıq təsdiq olunub. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin lazımi səviyyəsinə nail olunmalıdır. Bu, dövlət siyasətinin prioritet məsələlərindən biridir. Əsas odur ki, ölkə başçısının bu məsələdə siyasi iradəsi var. Bu ən çox dövlət orqanları və parlament qarşısında bir yol xəritəsidir. Qazilərə, veteranlara, müharibə iştirakçılarına və xüsusilə şəhid ailələrinə dövlətin qayğısı var. Dövlət, hökumət, YAŞAT Fondu, ictimai birliklər bacardıqları qədər bu sahəyə öz dəstəklərini verməkdədirlər”.
Millət vəkili həssas təbəqələrin müavinətlərinin artırılmasının daim diqqət mərkəzində olduğunu qeyd edib:
“Mütəmadi olaraq Milli Məclisdə belə həssas təbəqədən olan insanların müavinətlərinin artırılması, onların həyat şəraitlərinin yaxşılaşdırılması üçün addımların atılması, qanunlarda dəyişikliklərin hər biri gündəmdədir. Düşünürəm ki, bu sahəyə diqqət daha da artırılacaq. Təbii ki, ölkədə iqtisadi fəallıq artdıqca hər sahədə maaşlar, müavinətlər artırılacaq. O cümlədən həssas təbəqəyə aid olan Vətən müharibəsi veteranlarının da müavinətləri artırılacaq”.