"Qatil düşmən deyil, namərdliyə bax, qoruduğu yurdun övladı oldu." - Şahmərdanı anırıq.....
29-06-2022, 10:38

Şahsultan (Şahmərdan) Cəfərovun anım günü. Xatirəsini rəhmətlə anır, ruhuna Fatihə deyirik.
Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində doğulub. 1975-1977-ci illərdə Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti bitirəndən sonra Kaluqa şəhərində orta ixtisaslı hüquq məktəbini bitirib.
1988-ci ilə qədər Rusiyada milis sıralarında çalışıb. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra öz işini, gələcək karyerasını unudub 1988-ci ildə Azərbaycana qayıdıb.
1988-ci ildə Azərbaycanda ilk özünümüdafiə batalyonu olan könüllülərdən ibarət Şərur hərbi birləşməsinin komandiri, 1992-ci ildə Qıvraq alayının komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb.O, 1990-cı ildə Şərur rayonundan parlamentə üzv seçilib. 17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir. 1995-ci il mayın 30-da isə deputat səlahiyyətlərinə xitam verilib. İyun ayının 17-də Kələkidən qayıdarkən yolda güllələnib. İyunun 26-da Bakıya - Şüvəlandakı istitaq təcridxanasına köçürülüb, iyunun 29-da isə dustaqlar üçün nəzərdə tutulan hospitalda vəfat edib Qəbirüstü abidəsini hazırlayarkən görkəmli şairimiz Adil Qasımovdan xahiş etdim ki, üzərinə yazılması üçün bir şer yazsın. Adil müəllim səhərisi gün bir neçə bəndlik şeri mənə təqdim etdi və onun bir bəndini sinədaşına yazdırdıq:
Çox erkən itirdi onu bu torpaq,
qəlblərə nəqş olan mərd adı qaldı.
Qatil düşmən deyil, namərdliyə bax,
qoruduğu yurdun övladı oldu.
Əjdər Əliyev