“Siqaret biznesiylə məşğul olan məmurlar Milli Məclisdə təmsil olunurlar...” - AÇIQLAMA

5-07-2022, 17:25           
“Siqaret biznesiylə məşğul olan məmurlar Milli Məclisdə təmsil olunurlar...” -
“Ölkəmizdə qeyri-infeksion xəstəliklərin azaldılmasına dair" 2010-2020-ci il xüsusi bir strategiya sənədi vardır. Həmin strategiya sənədində qeyri-infeksion xəstəliklərdən biri olan siqaretin bu illər ərzində 10 faizə qədər azaldılması nəzərdə tutulur. Lakin Azad İstehlakçılar Birliyinin tədqiqatı göstərir ki, heç də bu dövlət strategiyası yerinə yetirilmir. Baxmayaraq ki, 10 il öncə tütün və tütün məmulatları haqqında qanun qəbul olunub və bu qanuna da dəfələrlə dəyişiklik edilib, bütün hallarda qanun ciddiləşib, siqaretin satışının yayılmasının və tütün məmulatlarının məhdudlaşdırılması nəzərdə tutulub. Lakin bütün bunlara baxmayaraq, biz görürük ki, siqaretdən istifadə yenə də davam edir”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. E.Hüseynov siqaretin insan səhhətinə zərərindən də danışıb:

“Qanunun çox əhəmiyyətli məqamlarından biri olan siqaretlərin tək-tək satılması məsələsidir. Görürük ki, hələ ilk qəbul olunan qanunda bu nəzərdə tutulsa da, siqaretlərin tək-tək satışı davam edir. Çox mühüm məqamlardan biri odur ki, siqaretin təhsil və sağlamlıq müəssisələri yaxınlığında satılması qadağan edilsə də, biz görürük ki, bu da davam edir. Demək olar ki, bütün qəzet köşkləri siqaret satışı məntəqələrinə çevrilib. Hələ bu azmış kimi, “qlo” adlı siqareti tərgitmək üçün bir vasitə ortaya çıxıb. Bundan başqa, elektron siqaret də satışa daxil edilib. Beynəlxalq İstehlakçı Təşkilatının verdiyi məlumata görə, nə “qlo”, nə də elektron siqaret onu az çəkməyə təsir edən amillərdən biri deyil. Hər ikisi təhlükəlidir. Biz görürük ki, qanun qəbul edilməsinə baxmayaraq, vəziyyət heç də dəyişmir. Əksinə, siqaretdən istifadə məsələsi artır.

Hökumətin siqaretdən istifadənin azaldılmasına dair mühüm rıçaqlarından biri aksiz vergilərin artırılmasıdır. Əlbəttə, Azad İstehlakçılar Birliyi tərəfdarıdır ki, insanların siqaretə əlçatanlığı azaldılsın, başqa ölkələrdə olduğu kimi siqaret bizdə də baha olsun. Lakin biz görürük ki, bu da təsir etmir. Siqaretin bahalaşması paralel olaraq ölkəyə qaçaqmal yoluyla daha təhlükəli siqaretlərin daxil olmasıyla müşahidə olunur. Beynəlxalq təşkilatların 2017-ci ildə apardığı bir araşdırmanın nəticəsinə görə təkcə qaçaqmal siqaretlərin ölkəyə daxil olması ucbatından Azərbaycan büdcəsi 20 milyon dollar zərər çəkib.

İyirmi ildən çoxdur ki, Azad İstehlakçılar Birliyi qaçaqmal siqaretləri təqib edir. Hətta Nərimanov rayonunda onun geniş yayıldığını görürük, kimlərsə onu himayə edir. Bir sözlə, siqaretlərə əlçatanlığın azaldılması paralel olaraq qaçaqmal siqaretlərin ölkəyə daxil olmasıyla müşahidə olunur.

Bütün bunlar azmış kimi, beş il öncə Şəkidə bir siqaret istehsalçısı peyda oldu, bu adam “Karvan”, “Şəki” adlı filtirsiz, təhlükəli siqaretləri istehsal edir və şəhərin hər yerində 40-50 qəpiyə satılır. Biz isə dəfələrlə bu barədə məsələ qaldırmışıq, xarici ölkələrdə ekspertiza keçirmişik, həmin siqaretlərin təhlükəli olduğunu müəyyən etmişik. Siqaretlərin hamısı təhlükəlidir, lakin təhlükəlinin daha təhlükəli olanı filtirsizdir. Baxmayaraq dövlət orqanları bizə sənədlər verdi, amma Şəkidəki siqaret istehsalını dayandıra bilmədik.

İllərdir hökumətin əhalinin sağlamlığına doğru yönəlmiş siyasəti yerində sayır. Çünki bu cür bizneslə məşğul olan insanlar Milli Məclisdə təmsil olunurlar və təsadüfi deyil ki, beş il öncə bir biznesmen məmurların bizneslə məşğul olmasına qarşı çıxdığı üçün mətbuatda ona qarşı hücumlar oldu. Biz isə bununla razı deyilik. Azərbaycan dünyanın ən çox siqaret çəkən ölkəsinə çevrilməkdə davam edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.