İcra başçısı oğluyla birgə klip çəkdirir

4-05-2016, 10:19           

Alı Alıyev Elvin Alıyevin imicini bərpa etmək üçün unikal vasitələrə əl atmağa başlayıb

Xəbər verdiyimiz kimi, Füzuli rayon Polis Şöbəsində zabit kimi adı gedən, lakin gününü Bakıda əyləncələrdə keçirən icra başçısı Alı Alıyevin oğlu Elvin Alıyevin durumu fənadır. JAM.AZ xəbər verir ki, məsələnin mətbuata çıxmasından sonra çətin duruma düşən ata Alıyev oğlunu rayona çağırıb, bir müddət orada qalmasını istəsə də, buna qismən nail ola bilib.
Amma yerlə bir olmuş imicin yenidən bərpa edilməsi üçün Füzulinin icra başçısı müxtəlif vasitələrə baş vurur. Məsələn, o, aprel müharibəsi zamanı rayonda olmayan və Bakıda yerli uşaqlar tərəfindən döyülən oğlunu təcili Füuzliyə çağıraraq, orada plan qurur. Həmin plana əsasən Alı Alıyev oğluyla birlikdə cəbhə xəttinə gedərək, əsgərlərlə görüşməli və onlara hədiyyələr bağışlamalıydı. Təbii ki, bütün bunlar videolentə alınıb, mətbuatda və TV-lərdə yayımlanmalıydı. Söhbətin üstünün açılmasından sonra icra başçısı bu planını təxirə salmalı oldu. Çünki nəticə etibarı ilə üzünə söz gələcəyinin fərqinə varmağa başlamışdı.
JAM.AZ xəbər verir ki, Alı Alıyev oğlu Elvin Alıyevin imicini bərpa etmək üçün yeni bir taktika seçib. Və bu taktika indiyə qədər heç kimin ağlına belə gəlməyib. Belə ki, Alı Alıyev və oğlu ötən həftənin sonlarında məşhur dərzilərdən birinin yanına gedərək, ondan hər ikisi üçün hərbi forma tikməsini xahiş ediblər.
Sual oluna bilər: Bu işin qəbahətli tərəfi nədir? Qətiyyən, hərbi forma tikidirməkdə qəbahət olacaq bir şey yoxdur. Əksinə, təqdir olunacaq tərəfləri var. Lakin ortadakı niyyətin və marağın qəbahətli olduğu açıq-aydındır.
JAM.AZ xəbər verir ki, Alı Alıyev və oğlunun məqsədi hərbi vətənpərvərlik mövzusunda klip çəkdirməkdir. Bunun üçün əslən Qarabağdan olan xanəndələrlə də danışıqlar aparılıb və onların ifasında mahnı səsləndiriləcək. Həmin mahnıya çəkiləcək klipdə isə Alı Alıyev və oğlu hərbi formada görüntülənəcək. Məqsəd isə guya, ata və oğulun vətənpərvərlik hisslərinin aşıb-daşması, bu dəqiqə döyüşə hazır olduqlarını göstərməkdir. Halbuki «5 günlük» aprel müharibəsində oğul Alıyevi tapıb, rayona gətirmək mümkün deyildi.
Aldığımız məlumata görə, Elvin Alıyev artıq dərzi yanına gələrək, ölçülərini verib. Alı Alıyev isə işdən çıxa bilmədiyini deyərək, elə kabinetində ölçülərini götürdərək, dərziyə göndərib. Məlumatlarda bildirilir ki, Horadizdə çəkiləcək klip sonradan TV-lərə çıxarılacaq.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.