«Məişət Maye Qaz» ASC sahibkara kələk gəlib - İTTİHAM VAR
4-05-2016, 14:03
Ötən gün redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Salyan rayon, Qaraçala qəsəbə sakini, sahibkarlıq fəaliyyətilə məşğul olan Özbək Əlmusa oğlu Rüstəmov «Məişət Maye Qaz» ASC-nin qanunsuz əməlləri nəticəsində üzləşdiyi problemlə bağlı məlumat verdi. Belə ki, «Mənim xəbərim olmadan «Məişət Maye Qaz» Açıq Səhmdar Cəmiyyəti adıma saxta sənəb tərtib edib. Qeyd edim ki, bu idarə Dövlət Neft Şirkətinə tabedir» deyən şikayətçinin sözlərinə görə, adıçəkilən ASC-yə rəhbərlik edənlər Dövlət Neft Şirkətinin rəhbər şəxslərinin qohumlarıdır: «Məişət Maye Qaz» ASC-nin baş direktoru Rasim Salmanov, müavini Qulu müəllim, işçilərdən biri isə Dövlət Neft Şirkətinin (ARDNŞ-red.) rəhbər şəxslərindən birinin dayısı Nüsrət müəllimdir. «Məişət Maye Qaz» Açıq Səhmdar Cəmiyyəti 2000-ci ildən öncə bu şəxslərə həvalə edilib. Odur ki, hazırda ASC-nin yiyəsi bu şəxslərdir. Qeyd edim ki, bu cür saxtakarlıq yalnız mənim başıma gətirilməyib. Bildiyim qədər çox adamın adına məhz bu yolla, yəni saxta sənədlə maye qaz yazılıb. Başıma gələn məsələyə gəlincə, bir qədər əvvəl də qeyd etdiyim kimi, xəbərim, məlumatım olmadan mənim adıma 325 ton qaz yazıblar. Bununla bağlı «nakladnoy»da maşınların nömrələri də var. Harda, necə və kimə satıblarsa, bunu özləri bilirlər. Onlar sadəcə mənim və firmamın adından istifadə ediblər. Yəni «Məişət Maye Qaz» ASC 2011-ci ilin iyul ayında mənim firmamın adına 325 ton qaz yazıblar ki, guya mən bir aya bu qədər qaz alıb satmışam. Halbuki bundan heç xəbərim belə olmayıb». Həmin maye qazı daşıyan avtomobillərlə heç bir əlaqəsinin olmadığını vurğulayan Özbək Rüstəmov bildirir ki, «Məişət Maye Qaz» ASC-nin 325 ton qazı neçəyə alıb neçəyə satması, kimin hansı banka nə qədər pul köçürməsi və bununla əlaqədar digər məqamlardan zərrə qədər də olsun məlumatı yoxdur: «Bundan başqa, buraxılış məntəqəsinə mənim yerimə saxta qolu kim çəkibsə, ondan da xəbərim yoxdur. Bu səbəbdən də sizdən xahiş edirəm ki, bununla bağlı məsələləri qəzetinizdə işıqlandırasınız. Qoy, həm ölkə başçısı, həm Dövlət Neft Şirkətinin rəhbərliyi, həm də digər müvafiq qurumlar «Məişət Maye Qaz» ASC-nin saxtakarlığından xəbər tutsun, lazımi tədbirlər görsünlər. Hamı bilsin ki, bu cür ağır cinayətə imza atanlar var. Bildiyiniz kimi, ölkə başçısı bu yaxınlarda məmurlara, vəzifə sahiblərinə, dövlət qurumlarına sahibkarlara, iş adamlarına xüsusi diqqət və qayğı ilə yanaşmağı tapşırıb. Bundan başqa, cənab prezident çıxışında sahibkarlara müxtəlif formalı təzyiq göstərən məmurların ən ağır şəkildə cəzalandırılacağını bəyan edib. Hesab edirəm ki, «Məişət Maye Qaz» ASC tərəfindən sahibkar olaraq mənə qarşı edilən bu saxtakarlıq ən böyük təzyiqlərdən biridir. Mən ondan ehtiyat edirəm ki, nə vaxtsa bunun üstü açılar və o zaman Vergilər Nazirliyi deyər ki, sən bu qədər qaz alıb satıbsan, gəlir ödəməyibsən. Axı, mənim bundan xəbərim yoxdur. Nəyə görə mən törətmədiyim əmələ görə günahkar olmalıyam? Mən bu yaşıma kimi bu formada saxtakarlıq görməmişdim. Bir ay ərzində 325 ton qazı hara kimə sata bilərəm. Mən bunu Kürə tökürəm, dənizə tökürəm, nə edirəm bu qədər qazı?..» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Bildirək ki, növbəti saylarımızda bu mövzu ilə bağlı sensasion xarakterli faktları təqdim edəcəyik. İş adamı Özbək Rüstəmov üzləşdiyi problemin hələ bir qismini qeyd edib. Odur ki, bu barədə tükürpədici faktlarla tezliklə tanış ola bilərsiniz.