Beyləqanda yoxa çıxan hektarlar... - ŞİKAYƏT VAR
13-05-2016, 17:35
Beyləqan rayonunun bəzi kənd bələdiyyələrində bir sıra qanunsuzluqlar baş verir. JAM.AZ xəbər verir ki, rayonun Təzəkənd kənd Bələdiyyəsində yaşananlar isə daha unikaldır. Belə ki, bələdiyyə sədri Həsən Əliyev hələ sovet dövründən qalmış 114 hektar kənd torpağını 91 hektara qədər azaldaraq, xəritədən silib. Yerdə qanal hissəni isə öz qohumları arasında bölüşdürüb.
Məlumatda vurğulanır ki, Həsən Əliyev dəfələrlə bələdiyyə sədri olduğundan tutduğu postu toxunulmaz hesab edir. Elə bu səbəbdəndir ki, istədiyi kimi davranaraq, qanunsuzluqlara imza atır. JAM.AZ-a verilən məlumata görə, Təzəkənd kənd Bələdiyyəsi tərəfindən son dövrlər maliyyə israfçılığına yol verilib. Bundan əlavə isə bələdiyyə sədri pul qarşılığında ayrı-ayrı kənd sakinlərinə torpaq sahələri satıb. Hətta onların sənədlərinin doğru olmadığı bildirilir.
Məlumatlarda o da vurğulanır ki, sözügendən bələdiyyə sədrinin arxasında Beyləqan İcra Hakimiyyətində çalışan aparıcı şəxslərdən biri dayanır. Onun adı bizə məlum olsa da, hələlik açıqlamırıq. Ona görə ki, bu şəxslə bağlı faktiki olaraq bəzi araşdırmalar aparılır. Dəqiqləşdirmələr başa çatdıqdan sonra geniş bilgi veriləcək. Bildirək ki, məhz həmin şəxsin sayəsində bələdiyyə sədri bir neçə nüfuzlu şəxslərin adından sui-istifadə etməklə şəxsi maraqlarını təmin etmək məqsədiylə büdcə vəsaitlərini təyinatdan kənar xərcləyir. Məsələn, bələdiyyə tərəfindən toplanan vergilərin heç də hamısı büdcəyə keçirilmir. Müxtəlif yollarla özünküləşdirilir.
Amma Həsən Əliyevin işləri bununla da bitmir. Maraqlıdır ki, Təzəkənd kənd bələdiyyəsinin sədri balanslarında olan torpaqları heç bir müqavilə bağlamadan icarəyə verir. Nəticədə, icarə haqqı olaraq yığılan pullar büdcəyə deyil, ciblərə axır. Buna misal olaraq mənbələr JAM.AZ-a bildiriblər ki, hal hazırda Bələdiyyə torpağına aid olan 4 hektar ərazi qarşı tərəflə müqavilə bağlanılmadan icarəyə verilib. Və ya bir başqa məlumatda vurğulanır ki, Həsən Əliyev kənd ərazisinə yaxın yerdə yerləşən N saylı hərbi hissənin yaxınlığındakı bələdiyyə torpağını məcburi köçkün ailəsinə müqaviləsiz icarəyə verib.
Qeyd edək ki, bütün bunlar edilən qanunsuzluqların kiçik bir hissəsidir. Yaxın günlərdə Təzəkənd Bələdiyyəsində baş verən digər hallarla da bağlı geniş məlumat verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq.