Qriqoryeva Suqovuşanı təmir edən şirkəti məhkəməyə verdi - DETALLAR
12-10-2022, 18:12

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
TEREF.AZ-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderlərin qalibi “Körpü-Bina-Tikinti” MMC (VÖEN – 3100026151) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Körpü-Bina-Tikinti” MMC Suqovuşan su anbarının 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpasını həyata keçirəcək və qarşılığında 12 milyon 261 min 38 manat 79 qəpik alacaq.
Tender müsabiqəsinin qalibi olan “Körpü-Bina-Tikinti” MMC 17.09.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşən MMC-nin nizamnamə kapitalı 300 min manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Məlumat üçün onu da bildirək ki, bu gün 12 milyon manatlıq tender müsabiqəsini udan “Körpü-Bina-Tikinti” MMC barəsidnə məhkəmə iddiası qaldırılıb. Ali Məhkəmənin hakimi İlqar Dadaşovun icraatına verilən iddia ərizəsinin sahibi Vorobyeva Alyona Qriqoryevadır. Alyona Qriqoryeva iddia edir ki, “Körpü-Bina-Tikinti” MMC onun borcunu ödəmir.
Qeyd edək ki, Alyona Qriqoryeva bu ilin avqust ayının 25-də dövlət qeydiyyatına alınan “Sport Treyding İnterneşnl” MMC –nin rəhbəridir.