Azərbaycandakı baha qiymətlər rus turistlərinin sayına təsir edir

18-05-2016, 10:59           
Azərbaycandakı baha qiymətlər rus turistlərinin sayına təsir edir
Yayın gəlişinə bir aydan da az vaxt qalıb. Üzümüzə gələn məzuniyyət sezonu rusiyalı turistləri kütləvi şəkildə ölkəmizə səyahət etməsi ilə yadda qalmalıdır. ANS PRESS-in məlumatına görə, buna səbəb rusların Türkiyə və Misir kurortlarına bu il məlum məsələlərə görə gedə bilməməsidir.

Lakin rusların yay tətillərinə dəyişiklik etməsi təkcə siyasi səbəblərlə bağlı deyil - rusların ödəmə qabiliyyəti də aşağı düşüb. Bu isə bütün dünyada olduğu kimi Rusiyada da iqtisadiyyatın ötən illərə nisbətən zəifləməsi ilə bağlıdır.

Rusiyalı turistlərin daha çox çimərliklərə üstünlük verdiyini nəzərə alsaq, onlar üçün iki istiqamətə alternativ variant - Tayland, Vyetnam, Yunanıstan, İspaniya, Kipr, Xorvatiya ola bilər. Amma bu ölkələrə turlar bilet və viza rüsumuna görə çox bahadır.

Ona görə azbüdcəli turistlər ilk öncə yerli Krım və Soçi kurortlarına, daha sonra isə yaxın xarici ölkələrə üz tutacaqlar. Amma Krıma səyahət edənlər də buranın hələ istirahət zonası kimi turistləri cəlb etmədiklərini deyirlər. Odur ki, ruslar hazırda Gürcüstan, Ermənistan və Azərbaycan haqqında düşünürlər.

Rusiyalı turoperatorların sözlərinə görə, ruslara təklif olunan üç ölkədən onlar daha çox Gürcüstanı seçirlər. Bu isə Gürcüstanda olan qiymətlərin digər iki ölkəyə nisbətən daha ucuz olması ilə bağlıdır.

Ölkəmizə gəlmək istəyən, lakin qiymətlər haqda eşidərək “düşünərəm” deyən rus turistlərinin çox olduğunu ölkəmizdə fəaliyyət göstərən tur agentliklər də təsdiqlədilər. Bir neçə turagentliklər arasında apardığımız sorğu nəticəsində bəlli oldu ki, ruslar Azərbaycana gəlmək üçün digər illərə nisbətən daha çox müraciət edirlər. Amma bəzi məqamlar onların qəti qərar verməsinə mane olur.

“Bizə həm rus turoperatorları, həm də fərdi olaraq ruslar özüləri gün ərzində dəfələrlə “e-mail” yazırlar. Biz onlara ölkəmiz, buradakı otellər, xidmətlər və qiymətlər barədə məlumat veririk. Qiyməti eşidikdən sonra bir çox turistlər ölkəmizə gəlməkdən imtina edirlər. Onlar deyirlər ki, bizdə Türkiyə, Gürcüstan və başqa ölkələrə nisbətən qiymətlər olduqca bahadır”, - deyə yerli agentliyin nümayəndəsi bildirdi.

Agentliklərdən aldığımız məlumata görə, rus turistlər otellərdə “all includes” (hər şey daxil) xidməti olan ölkələrə daha çox üstünlük verirlər ki, bu xidmət də Azərbaycanın heç bir otelində yoxdur.

Turizm şirkətlərindən birinin rəhbəri Elxan Vəliyev deyir ki, Azərbaycana turist cəlb etmək üçün kompleks işlər görülməlidir.

"Rus turistləri daha çox Gürcüstana üz tuturlar. Azərbaycana gələnlər də az deyil, amma bu sayı daha da artırmaq mümkündür. Bunun üçün mehmanxanalar turizm agentlikləri ilə də əməkdaşlıq etməli, xüsusi güzəştlər təklif olunmalıdır. Xarici ölkələrin tur agenliklərinə nəzər yetirsəniz, görərsiniz ki, onlara istər bilet, istər otel qiymətlərində endirimlər təklif olunur və onlar da asanlıqla turistləri ölkələrinə cəlb edə bilirlər. Bu xidmət hələ ki bizdə yoxdur. Bundan başqa, bizdə qiymətlərin koordinasiyası da ürəkaçan deyil", - deyə turizm üzrə ekspert qeyd etdi.

Düzdür, digər ölkələrə nisbətən ölkəmizə gələn turistlər arasında rusların sayı daha çoxdur, amma bu sayı iki-üç qat daha çox artıra bilərik. Odur ki, rus turistlərini ölkəmizə cəlb etmək üçün bir sıra yeni təkliflər hazırlanmalıdır.

Bəzi ölkələr artıq rus turistlərinin marağını cəlb etmək üçün yeniliklər təklif etməyə başlayıblar. Belə ki, İsrailin Turizm Nazirliyi dekabrın 25-dən Misir turlarından məhrum olan rus turistlərindən 10-20%-ni qəbul etməyə hazır olduğunu bildirib. Bu məqsədlə Rusiya turistləri üçün mehmanxanalar da qiymətləri xeyli azaldıb. Bu cür endirimlər Gürcüstanda da müşayiət olunur.

Bizdə isə Turizm Nazirliyi bu sahədə bir sıra sərgilər keçirsə də, Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Moskva şəhərində fəaliyyət göstərən turizm şirkətləri arasında müqavilələr imzalasa da, amma, görünür, turistləri cəlb etmək üçün, bu, kifayət deyil. Bunun üçün qiymətlər aşağı salınmalı, xidmət səviyyəsi artırılmalı, menecment işində yeni texnologiyalardan isifadə edilməlidir. Azərbaycanın turizm imkanlarından geniş istifadə edilməlidir. Ölkəmizin özünəməxsus mədəniyyəti, tarixi, təbiəti, mətbəxi haqqında turistlərə ətraflı məlumat verilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.