Salyanın Kürqaraqaşlı kənd orta məktəbində «ağacəkmə tamaşası» - FOTOLAR

20-05-2016, 10:36           
Salyanın Kürqaraqaşlı kənd orta məktəbində «ağacəkmə tamaşası» - FOTOLAR
Salyan rayonun təhsil sistemi əvvəldən bərbad vəziyyətdə olduğundan mütəmadi şəkildə oradan şikayətlər gəlirdi. JAM.AZ xəbər verir ki, bəzi kənd məktəblərində durum isə daha dəhşətli şəkil almağa başlayıb.
Qeyd edək ki, rayonun Kürqaraqaşlı kəndində fəaliyyət göstərən Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Dadaşov adına orta məktəbdə hər il iməclik adı altında tamaşa təşkil olunur. JAM.AZ xəbər verir ki, bu tamaşanın əsas rejissorları isə kənd icra nümayəndəsi Abbas Məmmədov və orta məktəbin əvəzolunmaz və əbədi direktoru Elşən Səfərovdurlar. Onlar «sennari» yazır, «aktyor»lar təşkil edir, hətta özləri də «rol» alırlar.
Əlimizdə olan fotolardan aydın şəkildə görünür ki, bu şəxslər 10 ildir təşkil etdikləri ağacəkmə «tamaşası»na rəğmən, məktəbin həyətində bir ağac belə yoxdur. Lakin əvəzində «tamaşa»nın fonunda bolluca fotoşəkil çəkdirmə müşahidə edilir. Yəni, Elşən Səfərovla Abbas Məmmədov müxtəlif pozalar verməklə, guya, ağac əkirmişlər kimi görünürlər.
JAM.AZ xəbər verir ki, fotolarda görünən, dibi əhənglə rənglənmiş ağac yulğundur ki, belə ağaclar Salyan ərazisində təbii şəkildə bitir. Onu əkməyə belə gərək yoxdur. Çünki öz özünə göyərə bilir. Və ən maraqlısı odur ki, 10 ildir təşkil olunan bu «kampaniya»ya rəğmən, məktəbin həyətində başqa ağac nəzərə çarpmır. Bəs, görəsən, Kürqaraqaşlı kənd orta məktəbində kağız üzərində əkilmiş ağaclar hara yoxa çıxıb?

Amma Kürqaraqaşlı kənd orta məktəbinin tək dərdi ağac deyil. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, direktor Elşən Səfərovun rəhbəri olduğu məktəbin əl-üz yumaq üçün normal yeri yoxdur. Bu azmış kimi, məkiəb binasının pəncərələri də yoxa çıxıb. Şagirdlər deyirlər ki, məktəbləri təhsil ocağından daha çox, müharibə meydanını xatırladır. Həmçinin o qədər çirkinlikdir ki, kənardan orta məktəbdən daha çox, zibilxananı xatırladır.
Lakin bütün bunlara baxmayaraq, Salyan rayonu Kürqaraqaşlı kənd orta məktəbinə hər il minlərlə manat vəsait ayrılıb. Həm təmir-bərpa işləri üçün, həm də avadanlıqların alınmasıyçün. Amma ortada nə yumurta var, nə də fal!
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.