İpoteka niyə düyünə düşüb?
23-05-2016, 10:41
İpoteka kreditləşməsi yalnız İoteka Fondunun yenidən qurulması ilə bağlı hüquqi sənədlərə baxılması prosesi başa çatandan sonra mümkün olacaq. Maliyyə naziri Samir Şərifov ipoteka kreditlərinin gələn aydan bərpası ilə əlaqədar yayılan xəbərlərlə bağlı sualı cavablandırarkən belə deyib.
Nazir qeyd edib ki, büdcədə ipoteka üçün nəzərdə tutulan vəsait var. İpoteka Fondunun yenidən qurulması üzrə müəyyən hüquqi sənədlər hazırlanır və hazırda aiddiyyəti səviyyələrdə baxılır: “Bu iş başa çatandan sonra ipoteka, o cümlədən sosial ipoteka kreditləşməsi davam etdiriləcək”.
teref.az xəbər verir ki, ipoteka kreditləşməsində yaranan maneələrdən danışan iqtisadçı-ekspert Oqtay Haqverdiyev Azadliq.info-ya deyib ki, ipoteka şərtləri qəbul olunmadığı üçün bu məsələ ləngiyir. Ekspert şərtlərin nədən ibarət olacağına dair müzakirələrin uzandığını, təkliflərin bir-biri ilə uzlaşmadığını vurğulayır: “Maliyyə Nazirliyi ilə Mərkəzi Bankın dedikləri üst-üstə düşmür. Hesab edirəm ki, hökumət bu işlə ciddi məşğul olmalıdır. Nədənsə ipoteka ilə bağlı məsələni sirr kimi saxlayırlar. Ona görə də əhali yeni şərtlərin, güzəştlərin nədən ibarət olacağı barədə dəqiq heç nə bilmir. Hamı ipoteka kreditləşməsinin müsbət olacağına ümid edir. Amma nəyin yaxşı olacağı hələlik bəlli deyil. Müxtəlif variantlar var. Mütəxəssislərin hər biri də bu məsələni öz aspektindən izah edir. Ümumiyyətlə isə, bizdə ipoteka məsələsi həllini tapa bilmir. Xüsusilə də indiki çətin vəziyyətdə ipoteka kreditləşməsi əlçatmaz olub”.