"Azəriqaz"da satılmayan heç nə qalmadı - Rəis belə dağıdır
25-05-2016, 10:29
Əhalinin qaz təminatında mühüm islahatların sürətləndirilməsi, bu sahədə mövcud olan problemlərin qısa zamanda həlli ilə bağlı ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi "Azəriqaz" istehsalat birliyinin prioritet məsələlərindən sayılır. Əkbər Hacıyevin Birliyə baş direktor gətirilməsi bir tərəfdən "etibarlı adam" axtarışının bəhrəsiydisə, digər tərəfdən də yeni təyinatla ən azı bu qurumun fəaliyyətini canlandırmaq görüntüsü yaratmaq məqsədi daşıyırdı. Lakin çox çəkmədi ki, bu addım ARDNŞ prezidentinin imicinə ciddi xələl gətirən amillərdən biri kimi qiymətləndirilməyə başlandı. Hələ 2010-cu ildə ARDNŞ qaz təminatı zamanı baş verən qəza halları barədə məlumatların rayon qaz istismar sahələrindən Bakı şəhəri Qaz İstismarı İdarəsinin “Mərkəzi qəza dispetçer xidməti”nə və “Azəriqaz” İB-nə pilləli şəkildə ötürülməsinin problemlərin operativ həllini ləngidiyini əsas gətirərək Bakı şəhəri Qaz İstismarı İdarəsinin, onun yerli strukturlarında fəaliyyət göstərən müvafiq bölmələrin ləğv edilməsinə, daha çevik qurumlarla əvəzlənməsinə qərar verilmişdi. Lakin ustündən xeyli müddət keçsə də bu islahatın gətirdiyi dividendlərdən danışmaq olmur. "Bakqaz"ın ləğv edilməsi ilə əslində vəziyyət yaxşılığa doğru dəyişməyib. Belə ki, yerli qaz istismar sahələrinin özbaşınalıqları elə bir həddə çatıb ki, onlar barədə hər hansı şikayətin birbaşa "Azəriqaz"a verilməsi nəticəsiz qalır. Eyni zamanda, gundelik-baku.com-a daxil olan məlumata görə, "Azəriqaz"ın yerlərdəki vəziyyətə nəzarət etməli olan səlahiyyəli nümayəndələri rəhbərliyn təsiri altında hər şeyə hazır görünür. Əsasən tapşırıqla hərəkət etməyi üstün tutan bu nümayəndələrin əksəriyyətini vətəndaş şikayətlərindən daha çox şəxsi maraq özünə cəlb edir. "Azəriqaz" kimi çox mühüm bir qurumun işinin tənzimlənməməsi əlbəttə ortaya xeyli suallar qoyur. Bundan əlavə, vaxtilə "Bakqazın" balansında olmuş, sonradan isə struktur islahatları nəticəsində boş qalmış bir sıra ofislərin hərraca qoyulması xəbərləri də var. Deyilənlərin təsdiqi kimi bir müddət öncə Bakı şəhəri Qaz İstismarı İdarəsinin “Mərkəzi qəza dispetçer xidməti”nin balansında olmuş binanın ümumi vəziyyətini göstərmək olar. Binanın qəza vəziyyətində olması bir yana, buradakı dəhşətli mənzərələrin "Azəriqaz" imicinə açıq-aşkar xələl gətirdiyi göz qabağındadır. Apardığımız söhbətlərdən sonra buranın artıq hansısa özəl struktura satıldığı xəbərini eşitdik.
Qarşı tərəfi də dinləməyə hazırıq...