Manatla bağlı mühüm açıqlama
27-05-2016, 09:27
Manatın məzənnəsi hazırda daha çox neftdən asılıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, hazırda manatın məzənnəsi qorunub saxlanılır:
“Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahəyə çox ciddi nəzarət edirlər. Əlbəttə, neftin qiyməti kəskin aşağı düşərsə, hardasa 30-40 dollar olarsa, bu, manatın məzənnəsinə təsir edə bilər. Ancaq hesab edirəm ki, manat maliyyə bazarında öz həqiqi qiymətini ala da bilər. Manatın real qiyməti alınmalıdır ki, Azərbaycan iqtisadiyyatında ciddi problemlər yaşanmasın. Bunun üçün də manatı yavaş-yavaş yumşaq şəkildə buraxmaq lazımdır. İndiki vəziyyətdə olmasa da, ancaq buna getmək vacibdir”.
Millət vəkili hələ bir müddət neftin qiymətinin 50 dolları ötəcəyini gözləmədiyini deyib:
“Neftin qiyməti 50 dollar səviyyəsində olsa da, müəyyən enmələr də baş verə bilər. Çünki iyunda ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) dolların uçot dərəcəsinə baxacaq, o cümlədən İran dünya bazarında neft hasilatını yenə kəskin artırıb. Bu kimi bəzi problemlər qalmaqdadır. Bu düzdür ki, manata təsir göstərən ən əsas amil neftdir. Açığı, hələ ki, neftin bahalaşacağını gözləmirəm”.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə təsir etməyəcək. O, hesab edir ki, manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor neftin qiymətidir.
FES-in növbəti toplantısının iyunda olacağı gözlənilir.