Qarabağ qaziləri sığorta ilə bağlı məhkəməyə müraciət edir? - AÇIQLAMA

27-12-2022, 16:37           
Qarabağ qaziləri sığorta ilə bağlı məhkəməyə müraciət edir? - AÇIQLAMA
Qarabağ savaşından sonra I Qarabağ müharibəsində şəhid olanların ailələrinə 11 min manat sığorta pulu ödənilsə də, müharibə veteranları ilə bağlı məsələ bir qədər yubandı.

Şəhid ailələrinə verilən məbləğin müvafiq olaraq 80, 60, 40 faizi dəyərində I Qarabağ müharibəsi əlilləri üçün müəyyən edilən vəsaiti bəziləri, təxminən 700-800 nəfər I Qarabağ savaşı əlili məhkəmə yolu ilə alıb. Ötən il dekabrda bütün I Qarabağ əlillərinə birdəfəlik müavinətin ödənilməsi haqqında ölkə başçısı fərman imzaladı. Həmin Fərmana və Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi prosesi davam edir.

Bu ilin avqust ayının 2-dən ödəmələrin verilməsinə başlanılıb. İlkin məlumatlarda birdəfəlik ödəmənin 17-20 min şəxsi əhatə edəcəyi və həmin ödəmələr üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrıldığı qeyd olunub.

Qarabağ müharibəsi əlillərinə birdəfəlik verilən sığorta pulunun ödənilməsində son durum necədir? “Əvvəl sığorta pulunu almış I Qarabağ müharibəsi əlillərindən bununla, məsələn, məbləğ fərqi ilə bağlı məhkəməyə müraciət edən olubmu?

TEREF.AZ-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov Cebhe.info-un sorğusun cavab olaraq bildirib ki, indiyədək 16,7 min şəxs üzrə birdəfəlik ödəmə verilib:

"1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə bu il avqustun 2-də başlanıb. Bu, növbəti mühüm sosial dəstək proqramın icrası işləri ilk gündən operativ və proaktiv təyinat mexanizmi, vətəndaş məmnunluğu prinsipi əsasında aparılıb. Həmin vətəndaşlardan artıq 16,7 min şəxs üzrə birdəfəlik ödəmə verilib, onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib. Ümumilikdə bu ödənişlərə 105,7 milyon manat vəsait yönəldilib".

Qurum rəsmisi proqram icrası zamanı vətəndaş tərəfindən narazılığın qeydə alınmadığını deyib:

"Bu proqramın icrası ilə bağlı hər hansı vətəndaş tərəfindən narazılıq, məhkəməyə şikayət edilməsi halı baş verməyib. Əksinə, birdəfəlik ödəmələrin operativ şəkildə və e-sistem üzərindən proaktiv qaydada təyin edilərək bank hesablarına köçürülməsi, bu barədə çevik və ətraflı məlumatlandırmanın aparılması və s. həmin vətəndaşlar tərəfindən də razılıqla qarşılanıb".

Xatırladaq ki, ötən il dekabrda ölkə başçısının imzaladığı Fərmana əsasən, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.