Bakı bulvarı bakılıların üzünə bağlanır, yalnız bileti olanlar gəzə biləcək

31-05-2016, 14:35           

İyunun 15-dən Dənizkənarı Milli Park bakılıların üzünə bağlanacaq. Bakı bulvarı “Formula-1” şəhərciyi kimi yalnız yarış tamaşaçıları üçün açıq olacaq. Tamaşaçılar bilet təqdim etməklə əraziyə keçə biləcəklər. Buna görə də, bulvar tamamilə görkəmini dəyişəcək. Hazırda bulvarın ətrafına dəmir hasar hörülür, giriş-çıxış betonlarla səddlərlə məhdudlaşdırılır.

Virtualaz.org-un əməkdaşları saytı Bakı bulvarındakı son dəyişiklikdən xəbər verir.

Bulvar istirahət zonası kimi fəaliyyət göstərəcək. Ərazidə təmir işləri aparan fəhlələrin sözlərinə görə, 3 böyük səhnə quraşdırılacaq. Buna görə də, fontanlar kəsilib, hovuzların içərisinə əvvlcə beton doldurulur, sonra isə üzəri taxta ilə örtüləcək. Dünya şöhrətli müğənnilər bu səhnədə çıxış edəcəklər.

Kiçik yaşlı uşaqlar üçün olan attraksionlar Kukla teatrının yaxınlığına köçürülüb. Amma bir neçə attraksion və kafelərin söküntüsünə başlanacaq. “Xüsusi istirahət zonası kimi kafelər, restoranlar açılacaq. Bundan əlavə, “Formula-1” oyunları, motor yarışları təşkil ediləcək”, - deyə fəhlələrdən biri məlumat verir.

Bulvardakı yeniliklərdən biri də şou proqramlar olacaq. Güzgü və ya robot-şou kimi proqramlar əsasən azyaşlı tamaşaçılar üçün nəzərdə tutulub.

Həmin günlərdə “Park bulvar” fəaliyyətini davam etdirəcək. Amma buna baxmayaraq, bulvarda əlavə satış mərkəzləri də fəaliyyətə başlacaq. Park bulvara giriş-çıxışa məhdudiyyətlər qoyulmayacaq. Buna görə də, bulvara girmədən ticarət mərkəzinə keçid üçün xüsusi körpü tikiləcək. Bulvarın ətrafındakı avtomobil dayanacaqları da söküləcək.

Bulvarda hazırlıq işlərinə başlanılsa da, kafe və attraksionlarda çalışanlara heç bir məlumat verilməyib. “Avropa oyunlarında da belə olmuşdu. 1 gün əvvəldən dedilər ki, sabah işə gəlməyəcəksiniz”.

Bunu isə kafedə çalışan Azər Məmmədov deyir. Onun sözlərinə görə, kafelərin söküləcəyi deyilsə də, əlavə açıqlama verilməyib. “Deyirlər ki, bulvar yalnız 4-5 gün bağlı qalacaq. Amma bu tikilənləri sökmək lazımdır. Buna görə də ən azı 10 gün işləyə bilməyəcəyik”.

“Baku Grand Prix” şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə virtualaz.org saytına açıqlamasında deyib ki, Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 01:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulan məhdudiyyət iyunun 20-si günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-ı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər”.

“Formula-1” yarışlarını izləmək üçün biletlərin qiyməti 125 manatdan 620 manatadəkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.