Dolların ucuzlaşması dayanmaq üzrədir
31-05-2016, 23:24
Martın 11-dən mayın 31-ə kimi keçən 2 ay 20 gündə dollar manat qarşılığında 10 faiz dəyər itirib.
ANS PRESS-in məlumatına görə, əgər martın 11-də dolların rəsmi məzənnəsi 1 manat 65,56 qəpik olubsa, mayın 31-də 1 manat 49,06 qəpiyə düşüb.
Bu, manatın rəsmi möhkəmlənməsidir, real möhkəmlənmə isə daha yüksək olub. Həmin günlərdə Bakıda dolları bəzi hallardda hətta 1 manat 90 qəpiyə satırlılar. Buna görə də manatın real möhkəmlənməsinin 22%-dən çox olmasını düşünmək olar.
Beləliklə, 2015-ci ildə baş vermiş iki devalvasiya nəticəsində 99%-ə qədər dəyər itirmiş manat üç aydan az müddətdə itirdiyi mövqelərin 25%-inə qədərini geri qaytarıb.
Keçmiş maliyyə naziri, professor Fikrət Yüsifov ANS PRESS-ə müsahibəsində bunu ötən il baş vermiş iki devalvasiyadan sonra əhalidə yaranmış panikanın sona çatması ilə izah edib:
"Artıq Mərkəzi Bank dollar satmağı dayandırıb və qismən dollar alır".
"Xüsusilə də ikinci devalvasiyadan sonra bu panik ajiotaj gücləndi. Ntiəcədə, dünyanın heç bir ölkəsində baş verməmiş vəziyyətlə üz-üzə qaldıq. Əhali evindəki pulu, hətta aldığı maaşı dollara çevirib gözləmə mövqeyi tutmağa başladı. Bu məsələdə xüsusi qüvvələr tərəfindən idarə olunan KİV-lərin də rolu az olmadı. Biz nə qədər dediksə, manat güclüdür, on milyardlarla dollar ehtiyatmız var, xeyri olmadı".
Fikrət Yusifovun sözlərinə görə, indi əks proses gedir: «Əhali cari xərclərini ödəmək üçün dollar xırdalmağa başlayıb. Eyni addımı banklar, təşkilatlar və biznes qurumları da atır. Nəticədə, bazarda manata tələb artır».
Sabiq maliyyə nazirinin fikrincə, manatın dəyərinin möhkəmlənməsində dünya bazarında neftin qiymətinin bahalaşmasının da rolu olub: «Bu sirr deyil ki, Azərbaycan iqtisadiyyatının 75%-i neftlə bağlıdır. Dövlət büdcəsində neftin qiyməti 25 dollardan götürülub. Artıq beşinci aydır ki, neft bahalaşır və Azərbaycan neftinin bir barreli 50 dollardan baha səviyyəyə qalxıb. Hazırda Brent neftinin barreli dünya bazarlarında 49,5 dollara qalxıbdır. Bunun nəticəsidir ki, artıq Mərkəzi Bank dollar satmağı dayandırıb və qismən dollar alıb».