Hakim dövlət sənədlərini saxtalaşdırıb? - Tovuz Məhkəməsinin hakimi ilə bağlı ilginc iddia

24-01-2023, 17:28           
Hakim dövlət sənədlərini saxtalaşdırıb? -
Tovuz Rayon Məhkəməsinin hakimi Zaur Hümmətovun məhkəmə iclas protokolunu və qətnaməni saxtalaşdırdığı iddia edilir.

DİA.AZ xəbər verir ki, Tovuz rayonunun Qovlar şəhər sakini Ədalət Müseyibovun Qaynarinfo-ya bildiridiyinə görə, o, Tovuz Rayon Məhkəməsində Həsənov Etibar Şəmil oğlu və digərləri barəsində iddia qaldırıb.

"İddiama Zaur Hümmətovun sədrliyi və məhkəmə iclas katibi Əli Mustafayevin iştirakı ilə baxılıb. Cavabdeh Etibar Həsənov prosesdə iştirak etməsə də, məhkəmə protokolunda və qətnamədə bunun əksi göstərilib. Beləliklə, dövlət sənədləri saxtalaşdırılıb. Bu sənədlərdə Etibar Həsənovun iclasa gəldiyi barədə yalan məlumat ona görə qeyd edilib ki, hakim onun xeyrinə qətnamə çıxara bilsin. Çünki cavabdeh tərəf prosesdə iştirak etmədiyi halda qətnamə çıxara bilməz”, deyə Ədalət Müseyibov bildirib.

Vətəndaşın sözlərinə görə, əlində məhkəmə iclasının audioyazısı var: "Həmin səs yazısına qulaq asanda açıq-aydın eşidilir ki, hakim Etibar Həsənovun gəlib-gəlmədiyini soruşur və iclas katibinə digər zallara baxmağı baxmasını tapşırır. Yəni, Etibar Həsənovun iclaslarda iştirak etmədiyi faktdır və bunun sübutu var. Onu da qeyd edim ki, Gəncə Apellyasiya Məhkəməsinin Aygül İsgəndərova, Rəşad Məmmədov və Azad Bayramov da bu qanunsuzluğu təkrarlayıb. Məhkəmə iclas protokoluna və dövlət adından çıxarılmış qətnaməyə yalan məlumatları daxil etməklə bu sənədlərin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır. Ona görə də mən məsələ barədə ölkə rəhbərliyinə və Məhkəmə Hüquq Şurasına müraciət etmişəm. Müraciətimə iclasın audioyazısını da əlavə etmişəm. Ümid edirəm ki, Məhkəmə-hüquq sahəsində islahatlar aparıldığı bir dönəmdə Zaur Hümmətovun bu qanunsuzluğu ilə bağlı tədbir görüləcək”.

Qaynarinfo Ədalət Müseyibovun iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışıb. Zaur Hümmətovu tapmaq mümkün olmadığına görə əməkdaşımız məhkəmə iclas katibi Əli Mustafayevlə əlaqə saxlayıb.

Əli Mustafayev əvvəlcə bu məsələnin Qaynarinfo-ya nə aidiyyatının olması ilə maraqlanıb. Əməkdaşımız məhkəmə iclas katibinə izah edib ki, Qaynarinfo media orqanıdır. Ədalət Müseyibov da üzləşdiyi qanunsuzluğun ictimailəşdirilməsi üçün bu media orqanına müraciət edib. Əli Mustafayevə isə ona görə zəng edilib ki, vətəndaşın iddialarına aydınlıq gətirilsin. Məhkəmə iclas katibi bu barədə danışa bilməyəcəyini deyib.













Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.