Bakıda apteklərə Sovet dövrü qayıdıb: - Dərmanlar “altdan” satılır
30-01-2023, 18:36

Ötən il payız aylarından ölkəmizdə bir sıra dərmanların satışında problem yaranıb.
Belə ki, xüsusilə, iltihab və yüksək temperatur əleyhinə dərmanlar, ağrıkəsicilər apteklərdə yox həddinə çatıb. Ötən aydan boğaz ağrısı, yüksək hərarət, əzələ ağrısı ilə müşayiət olunan infeksiyanın yayılmasından sonra xüsusilə “Nurafen” adlı qızdırma əleyhinə dərman tapılmır. Apteklərdə dəfələrlə apardığımız sorğu nəticəsində də məlumat təsdiqlənib.
Əczaçılar “Nurafen”lə yanaşı, “Panadol”un, “Loperamid”in, “İbufen”in və digər temperatur əleyhinə istifadə edilən dərmanların uzun müddətdir apteklərə gəlmədiyini deyirlər. Məsələ hətta Milli Məclisdə də müzakirə olunub.
Deputatlar dərman qıtlığı problemini xüsusi vurğulayıblar. Səhiyyə naziri Teymir Musayev isə jurnalistlərə açıqlamasında hazırda ölkədə hər hansı dərmanın kəskin qıtlığının olmadığını bildirib. Lakin alıcılar problemin hələ də qaldığını deyir, yaranan problem həmin dərmanların apteklərdə Sovet dövründəki kimi “altdan” və baha satışına yol açır.
DİA.AZ bildirir ki, Cebhe.info-ya daxil olan məlumata görə, bir neçə alıcı həmin dərman preparatlarını yalnız tanışlıqla və öz qiymətindən daha baha qiymətə “altdan” satın alıb.
0