"Qiymətləri süni şəkildə qaldırırlar" - ekspert belə deyir...

3-02-2023, 16:11           
"Qiymətləri süni şəkildə qaldırırlar" -
"Azərbaycanda inflyasiyanı sürətləndirən əsas amil həqiqətən də qlobal bazarlardakı bahalaşmadır. İnflyasiyanın təsiri hələ də kritik dərəcədə çoxdur və bundan sonra daha da artacağı proqnozlaşdırılır. Eyni zamanda ölkədə süni qiymət artımı amili də var. Bir sıra şirkətlər, sahibkarlar bazarda inhisarçı mövqelərindən sui-istifadə edərək qiymətləri artırır".

TEREF.AZ bildirir ki, bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, Azərbaycandakı inflyasiyanın səbəblərindən biri də ölkədə lazımi həcmdə və keyfiyyətdə məhsul istehsal edə bilməməyimizdir. Bu səbəbdən də qiymətlərin bahalaşması qaçılmazdır:
"Çünki biz hələ də iqtisadiyyatın lokallaşmasına, yəni, idxaldan asılılığın lazımi dərəcədə azalmasına nail olmamışıq. İnflyasiya ilə mübarizə nöqteyi-nəzərindən ən effektiv mexanizmlərdən biri istehsalın artmasıdır. Daha çox istehsal üçün isə investisiyaların həcmi artmalıdır. Ona görə zənnimcə, ölkədə effektiv daxili investisiya institutu işə düşməlidir”.
İqtisadçı qeyd edib ki, bu gün ticarət şəbəkərində inhisarçılıq var:
“İşbazlar vəziyyətdən sui-istifadə edir, qiymətləri süni şəkildə qaldırırlar. Azərbaycanda kəndli şəhərdəki bazara gələ bilmir. Kəndlidən alınan məhsulu gətirib Bakıda baha qiymətə satırlar. Bazarda inhisarçılıq var. Bəzi işbazlar bundan öz maraqları naminə istifadə edirlər. Nəticədə qiymətlər süni şəkildə bahalaşır. Bundan ən çox əziyyəti əhali çəkir. Qazanan sahibkar, itirən əhali olur. Hesab edirəm ki, artıq bu istiqamətdə dövlət tərəfindən müəyyən tədbirlər görülməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.