`Acından ölsək də, oğurluq etmərik` - Çörək oğurlayan uşağın anası
3-06-2016, 18:43
“Mən acından ölsəm də, oğlumun oğurluq etməsinə icazə vermərəm”.
Bunu AzVision.az-a Cəlilabad rayonunda çörək oğurlayarkən polis tərəfindən tutulan azyaşlı F.Mirzəyevin anası Minə Mirzəyeva deyib.
M.Mirzəyeva oğlunun çörək oğurladığı üçün saxlanılması haqda ittihamları qəbul etmədiyini bildirib: “Mən atasız uşaq böyüdürəm. İndiyə kimi heç vaxt haram çörək yeməmişik. Bəli, kasıbıq, pula ehtiyacımız var, amma bu, o demək deyil ki, biz oğurluq edib, dolanırıq. Oğlum uşaqdır, kiminsə təsirinə düşüb. Polis bölməsinə aparılan zaman o, günahını boyununa alıb.Amma mağaza sahibi ilə üzləşən zaman onların səhv ifadə verdiklərini gördük. Oğlum mənə dedi ki, oğurluğu başqası edib, onlar sadəcə kənarda gözləyiblər”.
M.Mirzəyevanın sözlərinə görə, oğlu epilepsiya xəstəliyindən əziyyət çəkir: “Oğlum xəstədir. O, üç ildir epilepsiya xəstəliyindən əziyyət çəkir. Mən gecələr yuxu yatmıram. Hər dəqiqə onun başının üstündə dayanıb, nəfəsinə qulaq asıram. Birdən nəfəsi gedib qayıtmır. Yenə də deyirəm ki, mənim oğlumun günahı yoxdur, onlar başqalarının güdazına gediblər. Oğlum etiraf edir ki, hadisəni başqası törədib. Həmin adam həbs edilməyib, hazırda azadlıqdadır.
Qardaşım oğlu Biləsuvar polis idarəsində həmin oğrunun adını çəkib. Polislər isə buna diqqət etməyiblər. Əsl cinayətkarlar əlləri cibində gəzirlər.
Yalvardım ki, oğlum həqiqəti denən. Həmin vaxt qardaşım oğlu ağladı, dedi ki, “Bibi, bizi qorxutdular, dedilər ki, yatdığınız yerdə başınızı kəsəcəyik. Ona görə də biz onların adını çəkmədik”.