3091 müəllim iş yerini dəyişə bilər - Rəsmi

3-06-2016, 21:56           

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə 3091 vakant yer çıxarılıb.

Bunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

E.Bağırov bildirib ki, müsabiqənin başlandığı ilk günün nəticələrinə görə artıq 700 nəfər qeydiyyatdan keçib.

“Yerdəyişmə müsabiqəsində iştirak hüququ ancaq müddətsiz müqavilə ilə məktəblərdə işləyən müəllimlərə şamil edilir. Həvəsləndirmə tədbirləri tətbiq edilən kənd rayonlarında çalışan müəllimlərin yerdəyişmə ilə bağlı müraciət hüquqları 3 il ərzində məhdudlaşdırılıb. Yəni onlar həmin məktəbdə 3 il işləyəndən sonra iş yerlərini dəyişdirmək istəyə bilərlər. Ancaq istisna hallar da var. Belə ki, həmin müəllimin ailə vəziyyəti ilə bağlı ya hansısa ciddi səbəbdən dolayı iş yerini dəyişməsi lazım gələrsə, Təhsil Nazirliyi tərəfindən bu işlərə fərdi qaydada baxılır. Belə hallarda həmin namizəddən təsdiqedici sənəd tələb olunur. Müəllimə ailə qurub başqa yerə köçürsə, ya həyat yoldaşı hərbçi olduğundan onun təyinatı başqa yerə veriləndə müəllimə də getməyə məcburdur. Belə hallarda da həmin namizədin müsabiqədə iştirakına şərait yaradılır. Bu müəllimlər elektron ərizə verdikdə çətinliklə qarşılaşarsa, Nazirliyin vətəndaşların qəbulu mərkəzinə gələ bilər ya da miq.edu.az saytında elektron ünvana göndərə bilərlər”.

E. Bağırov son olaraq deyib ki, test imtahanının vaxtı namizədlərin dəqiq sayı bəlli olandan sonra müəyyənləşəcək: “ Test imtahanı 60 sualdan ibarətdir. Suallardan 40-ı ixtisas, 10-u metodika, 10-u məntiq üzrə olacaq. Ötən il keçid bal həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələr üçün 36, tətbiq edilməyən müəssisələr üçün isə 48 bal idi. Bəzi hallarda ballar fənlər üzrə də dəyişə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.