Bakı Zooparkı bağlanır? - Direktordan açıqlama

4-06-2016, 19:19           

“Dövlət büdcəsindən Bakı Zooparkına heç bir vəsait ayrılmır. Yarım ildən artıqdır ki, burada çalışan işçilər maaş almırlar. Qəfəsləri könüllü təmizləyirlər. Heyvanlar xeyriyyə cəmiyyətlərinin ümidinə qalıb, onların hesabına yemlənir”.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bakı Zooparkının acınacaqlı vəziyyətini vəsait ayrılmaması ilə əlaqələndirən müəllif bildirib ki, Heyvanat bağının bağlanması üçün ölkənin birinci xanımı Mehriban Əliyevanın adına petisiya imzalanır.

Zooparkının maliyyə durumu və işçilərin əməkhaqqı almamaları ilə bağlı yayılan fikirlərə aydınlıq gətirmək üçün Bakı Zooparkının direktoru Azər Hüseynovla əlaqə saxladıq. Yazılanların həqiqətə uyğun olmadığını deyən direktorun sözlərinə görə, Heyvanat Parkına kifayət qədər vəsait ayrılır:

“Dövlət büdcəsindən heyvanların yemlənməsi üçün bu il 100 min manat nəzərdə tutulub. Bundan başqa, işçilərin əmək haqqı üçün vəsait ayrılır. Həm də bizim özümüz bilet satışından və ya icarədən qazandığımız pulu heyvanların saxlanmasına, əlavə yemlərin alınmasına sərf edirik. İşçilərin 6 aydır əmək haqqı almaması, heyvanların ac olması ilə bağlı yazılanlar tamamilə yalandır”.



Zoopark direktoru həmçinin hazırlanan petisiyaya da münasibət bildirərək deyib ki, 4 milyona yaxın əhalisi olan bir şəhərdə 2 min nəfərin imzasını toplamaq məntiqə uyğun deyil:

“Gəlib heyvanların qidalanmasına, yeminə, saxlanmasına baxsınlar, sonra fikir söyləsinlər. Heyvanların qəfəsləri hər gün təmizlənir. 2000 nəfər adamın fikri ilə Zooparkmı bağlanar? Bakı şəhərində 4 milyona yaxın əhali yaşayır. Bu qədər əhalisi olan şəhərdə 2 min adama qol çəkdirmək ayıbdır. Biz müraciət eləsək, 50 min adam Zooparkın qalmasına tərəfdar çıxar. Gəlin bir sorğu aparaq, görək bura gələn 100 nəfərdən neçəsi bağlanmanı istəyir? Ondan sonra razılaşmaq olar. Bu işlə məşğul olunca, gedib küçə itlərini yığsınlar, öldürməyə qoymasınlar. Baxmayaraq ki əməkhaqqı çox yüksək deyil, işçilər hər gün onları həvəslə yemləyirlər, qəfəsləri təmizləyirlər. Biz öz işimizlə məşğuluq, əgər Zoopark köçürülsə, bu o demək deyil ki, heyvanlara qulluq etmək lazım olmayacaq. Şou xətrinə belə şeylər yazmasınlar”.

Bəzi yırtıcıların yerinin darısqal olduğu ilə razılaşan Zoopark direktorunun sözlərinə görə, buna səbəb restoranlardan parka gətirilən yırtıcılardır:

“Mən bilirəm ki, yırtıcıların qəfəsləri darısqaldır. Amma bu qəfəsləri mən tikməmişəm. İnsanlar düşünsünlər ki, bura gələn yırtıcılar, o cümlədən, ayılar restoranlardan gəlib. Vaxtında niyə belə hallarla mübarizə aparmayıblar ki, indi də Zooparkda ayının sayı çox olub? Əgər Zoopark olmasaydı, bu ayıların aqibəti necə olacaqdı? Bizə bu gün də gətirib tısbağa veriblər. Zoomağazadan xahiş ediblər gedib ilan tutmuşuq. Tibb Universitetinin professoru zəng elədi, onun maşınından ilan çıxardıq. Əslində bu bizim işimiz deyil, amma biz belə işlərlə məşğul oluruq, kimsə kabinetində oturub qərar çıxarır ki “Zoopark bağlansın””, - deyə A.Hüseynov bildirib.


Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.