Ramazan ayını qarşılamaq üçün 10 FAYDALI MƏSLƏHƏT
4-06-2016, 23:27
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu Muhəmmədə (S.A.S) və Onun səhabələrinə.
Milli.Az azerislam.com-a istinadən bildirir ki, Ramazanı qarşılamaq, başqa ayları və mövsümləri qarşılamaq kimi asand deyil. Məhz buna görə Ramazan ayını qarşılamağa belə əhəmiyyət veririk, heç olmasa bu ayın faydalarından məhrum qalmayaq.
Çalışaq bu mübarək ayı düzgün və doğru əməllərlə qarşılayaq. Qısaca olaraq onca dənə məsləhət vermək istərdik:
Birinci - Allaha dua etki, səni bu mübarək aya sağ-salamat çatdırsın, Allaha ibadət etməkdə nə yorulasan, nə də tənbəllik edəsən. Ənəs bin Malikdən rəvayət olunduguna görə deyirki, Peyğəmbərimiz (S.A.S) Rəcəb ayı girən kimi belə deyərdi: "Allahım, Rəcəb və Şaban ayını bizə bərəkətli et və bizi Ramazana çatdır" (Əhməd və Təbərani rəvayət etmişdir.)
Ikinci - Ramazan ayı daxil olarkən, bu nemətə görə Allaha çoxlu həmd-səna və şükürlər et. Çünki, Allahın ən böyük nemətlərindən biri də, qulunu ibadət etməyə müvəffəq etməsidir. Ramazan ayı daxil olar olmaz, müsəlman özünü sağ-salamat hiss edirsə, bu böyük bir nemətdir.
Üçüncü - Bu mübarək mövsümün gəlişi münasibəti ilə sevin və fərəhlən. Peyğəmbərimiz (S.A.S)-dən rəvayət olunurki, Ramazan ayı gələrkən O (S.A.S) öz səhabələrini müjdələyərək belə deyərdi: "Üzünüzə Ramazan ayı gəldi, Ramazan ayı mübarək aydır, Allah sizə oruc tutmağı əmr edib. Bu ayda cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır" (Əhməd rəvayət etmişdir).
Dördüncü - Ramazan ayından düzgün istifadə etmək üçün dəqiq və düzgün plan qur. Heyiflər olsunki çoxlarımız, hətta möminlər belə, dünya əməllərinə dəqiq plan qururuq, amma axirətimiz üçün dəqiq plan qura bilmirik. Bu da möminin bu həyatda olan məqsədini dəqiq dərk etməməsindən irəli gəlir.
Beşinci - Doğru və sidq ürəklə ibadətə başla, ixlasla davam et. Nə qədərki insan səmimi qəlbdən, sidq ürəkdən Allaha yönələrsə, Allah da onu ibadətlərində müvəffəq edər. Allahu Təala Muhəmməd surəsinin 21-ci ayəsində buyururki: "...onlar Allahla sadiq olsaydılar (doğru və düzgün olsaydılar), bu onlar üçün xeyirli olardı".
Altıncı - Ramazan ayının hökmləri və qaydalarını düzgün formada öyrən və bil. Çünki mömin bəndə, Allahu Təalaya elmli surətdə ibadət etməlidir, əsas qaydalara riayət edərək itaətini həyata keçirməlidir. Orucla bağlı bütün şərtləri və hökmləri öyrənməlidir. Beləki Allahu Təala Qur'ani Kərimdə buyururki: "...Bilmədiyiniz şeyləri elm əhlindən soruşun" (Əl-Ənbiya surəsi 7-ci ayə).
Yeddinci - Ürəkdən və sidq qəlbdən günahları tərk etməyə qərar verməlisən. Bu ayda günahlarından tövbə edib, Allahdan əfv olunmanı diləməlisən. Bu mübarək ayda da Allaha tövbə etməsən, nə vaxt tövbə edəcəksən? Allahu Təala buyururki: "Hamınız Allaha tövbə edin ey möminlər, bəlkə nicat yolu tapasınız" (Nur surəsi 31-ci ayə).
Səkkizinci - Ruhi və mənəvi qidanı əldən verməmək üçün, iradəni daim güclü saxlamaq üçün, dini elmlərdən və kitablardan oxu, Qur'ani Kərimi oxu, dini dərslərə və mühazirələrə qulaq as.
Doqquzuncu - Bu ayda başqalarını da unutma, onları da bu ayda savab əməllər etməyə çağır. Tanıdıqlarını, qohumlarını bu ayda ibadət etməyə çağır. Miskin və kimsəsiz kimsələrə yardım əllərini uzatmağa dəvət et yaxınlarını.
Onuncu - Bu mübarək ayı təmiz və yeni olaraq başla. Bütün günahlarından tövbə et, Peyğəmbərimiz (S.A.S)-in yolu ilə davam et, Allahın buyurduqlarını et, halala riayət et, haramdan uzaq ol.
Ramazan ayından faydalı və səmərəli istifadə etmək üçün, onu ən doğru yolla istismar etmək üçun, sonrakı nəsihətlərimizi gözləyin. Bizdən ayrılmayın! Allah hamımızı bu ayda müvəffəq etsin!