Lütfi Zadədən Azərbaycanın gələcəyi ilə bağlı AÇIQLAMA

5-06-2016, 09:38           

Dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın (Kaliforniya ştatı) Berkli Universitetinin professoru, Soft Computing İnstitutunun direktoru Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) məktub ünvanlayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-ya verilən məlumata görə, məktubda 22-25 may tarixlərində Kaliforniyada keçirilən və dünyanın müxtəlif ölkələrinin alimlərini bir araya gətirən "WCONSC 2016: World Conference on Soft Computing" adlı beynəlxalq konfransa verdiyi dəstəyə görə RYTN rəhbərliyinə dərin minnətdarlıq ifadə olunur.

Lütfi Zadə qeyd edib ki, kommunikasiya və yüksək texnologiyalar müasir cəmiyyətimizin mühüm hissəsini təşkil edir və bu texnologiyalarla ayaqlaşmaq Azərbaycan üçün olduqca vacibdir.

"Bilirəm ki, bu sahəni yüksək prioritet təyin etməklə, siz Azərbaycanı regionda rabitə və yüksək texnologiyalar sahəsində təhsil və elmi tədqiqatlar fəaliyyəti üçün mərkəzə çevirəcəksiniz. Konfransa verdiyiniz dəstəyə görə bir daha təşəkkürümü bildirirəm", - deyə alimin göndərdiyi məktubda qeyd olunub.

Alim, eyni zamanda yumşaq hesablamalara (Soft computing) aid konfransa əvvəlki illərdə olduğu kimi, gələcəkdə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək veriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, "World Conference on Soft Computing" adı altında təşkil edilən beynəlxalq konfrans süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin elmi tədqiqatlarına həsr olunur.

2011-ci ildən keçirilən konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilir. Konfransın mövzularına qeyri-səlis çoxluqlar, qeyri-səlis riyaziyyat, qeyri-səlis məntiq, qeyri-səlis ədədlər, qeyri-səlis sistemlərin neyro-qeyri-səlis modeli, qeyri-səlis nəzəriyyənin sənaye tətbiqləri, qeyri-səlis öyrənmə, hüquq-məhkəmədə qeyri-səlis məntiq, qeyri-səlis reqressiya, yumşaq hesablamalar nəzəriyyəsi və s. daxildir.

//milli.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.