Əli İnsanovun vəkili təkzib etdi: “Heç bir cinayət işi açılmayıb” - Yenilənib

7-06-2016, 17:39           

Əli İnsanovun vəkili Toğrul Babayev Sabiq səhiyyə nazirinə qarşı cinayət işinin açılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

AzNews.az-a açıqlama verən vəkil bildirib ki, Ə.İnsanova qarşı ittiham irəli sürülməsiylə bağlı xəbərlər həqiqəti əks etdirmir: “Hazırda 13 saylı cəzaçəkmə müəssisəsinin qaşısındayam. Əli müəllimlə bu dəqiqə görüşüb çıxamışam. Heç bir cinayət işindən, yeni ittihamdan söhbət gedə bilməz”.


***
15:37

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürülür.

AzNews.az xəbər verir ki, bu barədə vəkil Namizəd Səfərov məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, sabiq nazir hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmədə ittiham olunur.

Hüquq müdafiəçisi Namizəd Səfərov AzNews.az-a açıqlamasında bildirib ki, sabiq Səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb: “Təcridxanadan başqa bir vəkil gəlib və orada olanları bizə bildirib. O deyib ki, Əli İnsanova yeni ittiham irəli sürülüb. Guya hakimiyyət nümayəndəsinə qarşı müqavimət və zor tətbiq edib. 315-ci maddəyə görə, o, yenidən 3 il azadlıqdan məhrum edilə bilər. Amma ikinci bənd də əlavə olunsa, o 7-8 il azadlıqdan məhrum edilə bilər”.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Onu da bildirək ki, Ə. İnsanovun cəza müddətinin bitməsinə bir neçə ay qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.