Bayramqabağı ət yenə də BAHALAŞIR: SONRA DÜŞMƏYƏCƏK? - BELƏ HARA GEDİRİK?
8-03-2023, 11:52

“Yaxın 15 gündə ətin qiyməti 10-15 faiz bahalaşacaq”.
TEREF.AZ bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
O bildirib ki, bazarda tələb təklifi üstələyəndə təbii ki, qiymətlər bahalaşmalıdır:
“Bayram günlərində əhali daha çox ət istehlak edir. Ona görə də işbazlar bundan istifadə edib qiymətləri qaldıracaq. Amma qiymət artımını şərtləndirən digər səbəblər də var.
Birincisi, digər istehlak məhsullarının qiymətinin artması fonunda ətin qiymətinin də artması qaçılmazdır. Yanvar-fevral ayında istehlak bazarında qiymətlər 10 faizdən çox bahalaşıb. Yada salaq ki, ət istehsalçısı və satıcısı da bizim kimi istehlakçıdır.
İkincisi, məhsulun maya dəyərinin artmasıdır. Bildiyimiz kimi ötən ilin yazında birinci ot biçimi zamanı yonca sahələrinin 60 faizini həşaratlar məhv etdi. Nəticədə, yonca kipinin qiyməti xeyli bahalaşdı. Hazırda bir kipin qiyməti 7-8 manatdır. Yəni otun qiyməti ən azı 2 dəfə bahalaşıb.
Üçüncüsü, ticarət şəbəkələrindəki monopoliyadır. Nəzərə alaq ki, ət istehlakçılarının 60 faizi Abşeron yarımadasındadır. Və buranın bazarına heç də hər kəs girə bilmir. Rayonda heyvan saxlayan hansısa şəxs 5-10 dananı gətirib Bakıda sərbəst şəkildə kəsib sata bilmir. O da məcbur olur ki, heyvanlarını bölgələrdəki dəllallara satsın. Bu dəllalar da Abşeron yarımadasındakı bazarı əllərində saxlayırlar.
Dördüncüsü, istehsalın azalmasıdır. Son illər otlaq sahələrinin azalması və yem məhsullarının bahalaşması fermerləri çətin vəziyyətə salıb. Ona görə də bir çoxları heyvandarlıqdan çəkiliblər. Bu da ciddi faktordur.
Beşincisi isə ət idxalındakı azalmadır. Bu da daxili bazardakı qiymətlərə öz təsirini göstərib”.