Yenə narazılıq, yenə ritorik suallar, yenə çıxılmazlıq - NƏ ETMƏLİ?

15-03-2023, 19:10           
Yenə narazılıq, yenə ritorik suallar, yenə çıxılmazlıq - NƏ ETMƏLİ?
Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman qəbul qaydalarına dəyişiklik edilməsinə ehtiyac olduğunu deyib. O bildirib ki, hazırda qəbul sistemi şaquli qəbul sistemidir: “Mahiyyət etibarı ilə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”.

Nazirin sözlərinə görə, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentlərin seçiminə görə edirlər: “Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”.

Fəaliyyəti ən çox tənqid edilən qurumlardan biri də Elm və Təhsil Nazirliyidir. Ələlxüsus, ümumtəhsil məktəblərində yaşanan olaylar, məktəb rəhbərliyinin valideynlərə və şagirdlərə qarşı kobud rəftarı, bayramlar zamanı kütləvi şəkildə pul yığılması və digər məqamlar ictimaiyyət tərəfindən kəskin tənqid olunur. İddialara görə, nazirlik təyinatlar zamanı özlərinə yaxın şəxsləri vəzifələrə təyin edir ki, bu da öz növbəsində təhsildə neqativ halların yaranmasına gətirib çıxarır.

Azərbaycanda minlərlə məktəb fəaliyyət göstərir ki, onların da əksəriyyəti regionların payına düşür. Məktəb direktorları müqavilə əsasında vəzifəyə təyin edilirlər. Bununla bağlı təlimatda qeyd olunur ki, bir illik müqavilə bitdikdən sonra bir həftə ərzində tərəflərdən birinin hər hansı bir qərarı yoxdursa, müqavilə yenidən bir il müddətinə uzadılır. Bir neçə il bu prosedur təkrar oldunduqdan sonra isə müddətsiz müqavilə bağlanılır. Direktorun fəaliyyəti barədə hesabat təqdim olunmadan bu cür qərarların verilməsi təhsil ciddi etirazlara yol açır.

TEREF.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda 4500-ə yaxın orta məktəb fəaliyyət göstərir: “Məktəb direktoru vəzifələrinə təyinat yalnız müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Direktorların işə qəbulu qaydalarına əsasən, yalnız beş il ərzində bir yerdə daimi işləyən direktorlar bu vəzifəyə təyinat ala bilərlər. Test üsulu ilə müsabiqə və müsahibədən keçən direktorların müqavilə müddəti isə hər bir ildən bir uzadılır. Bildiyim qədər, Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərin direktorları illik fəaliyyətləri barədə hesabat təqdim edirlər. Yaxşı olardı ki, bu, region məktəblərini də əhatə etsin. Yəni, direktor bir ilin tamamında gördüyü işlər barədə müvafiq hesabat hazırlasın. Həmin hesabat dərindən analiz edilsin və buna uyğun qərarlar qəbul edilsin”.

“9-cu və 11-ci sinif buraxılış imtahanlarının, ali və orta ixtisas məktəblərinə qəbul, habelə olimpiada zamanı şagirdlərin nəticələri əsas götürülür. Barəsində şikayət olanlar, töhmət və digər xəbərdarlıq qərarı olan direktorların adətən müqavilə müddətini uzatmırlar. Lakin belə bir qərar yoxdur ki, intizam tənbehi olan direktorla müqavilə müddəti uzadıla bilməz”, - deyə həmsöhbətimiz bildirib.

Nazirin son açıqlamasına toxunan ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi üzərinə düşən funksiyanı düzgün yerinə yetirmir: “Düzdür, ali məktəblərə qəbul zamanı da nöqsanlar mövcuddur. Bunu inkar etmək mümkün deyil. Amma hər şeyi Dövlət İmtahan Mərkəzinin boynuna yıxmaq da çıxış yolu deyil. Elm və təhsil naziri qəbul qaydalarının dəyişməsindən danışır. Lakin gəlin görək, bu nazirliyin özü hansı fəaliyyəti göstərib?! Məktəblərin inkişaf planları ilə bağlı paylaşımlar edir, metodiki işin təşkili ilə bağlı statuslar paylaşırdılar. O işlərin axırı nə oldu?! Hər il yüzlərlə müəllimi xarici ölkələrə təhsilin inkişafı, tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə vermək üçün göndərirdiniz, nəticəsi nədir? 3 ildir milyonlarla manat vəsaiti qrant kimi payladınız. Hanı bunun nəticəsi? Ümumiyyətlə, təhsili nə qədər bərbad vəziyyətə saldığınızdan xəbəriniz varmı?”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sabiq sədri, keçmiş deputat, professor Şahlar Əsgərov isə həmkarından fərqli olaraq, nazirin fikirlərini haqlı sayır. Onun AYNA-ya dediyinə görə, ali məktəblərə qəbul qaydalarının dəyişməsi zəruridir: “Özümüzdən Amerika kəşf etməli deyilik. Dünya təcrübəsi var və ona istinad olunmalıdır. Mən hər zaman dediyim bir fikrin üzərində yenidən dayanmaq istəyirəm. Ali məktəblər giriş qapısını açıq, çıxış qapısını bağlı saxlamalıdıırlar”.

“Abituriyentlərə imkan yaradılmalıdır ki, onlar ali və orta ixtisas məktəblərinə qəbul olunsunlar. Məzunları əlavə süründürməçiliyə salmağa, yükləməyə ehtiyac yoxdur. Universitet və kolleclərdə isə təhsil zamanı tələbələri oxumağa, peşəkar kadr olaraq yetişməyə təşviq və təhrik etmək lazımdır. Yalnız bu yolla cəmiyyətin inkişafına nail olmaq olar”, - deyə mütəxəssis söyləyib.

Professor əmindir ki, Azərbaycan ənənəvi təhsil siyasətindən imtina etməlidir: “Artıq zaman yetişib. Ölkəmizdə imtahan götürməyə çox böyük istək var. Bu tendensiyadan imtina etmək lazımdır. Qüsur varsa, bir imtahanla yox, üç-beş il ərzində iş apararaq problemləri aradan qaldırmaq lazımdır”.

“Müəllimləri Təkmilləşdirmə İnstitutuna göndərmək olar. Sertifikasiyanı isə mükafat kimi təqdim etmək olar. Məsələn, kim imtahandan keçsə, maaşı artacaq və s. Ancaq bu imtahan məcburi yox, könüllü olmalıdır. Kim istəyirsə, o da imtahan verməlidir”, - deyə Əsgərov vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.