Bədəni qəlpə ilə doludur, `HƏRBİYƏ YARARLI` yazıblar... - Əlilliyini verməsinlər deyə...

16-03-2023, 09:40           
Bədəni qəlpə ilə doludur, `HƏRBİYƏ YARARLI` yazıblar... - Əlilliyini verməsinlər deyə...
Gözəl təbiəti, sıx meşələri ilə insanı məftun edən İsmayıllı rayonunun Pirəbilqasım kəndi Azərbaycana çox igid övladlar bəxş edib. Birinci Qarabağ müharibəsində Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlarda keçirilən döyüş əməliyyatlarında ekipajın tərkibində olan, idarə etdiyi Mİ-8 helikopteri 28 yanvar 1992-ci ildə Ağdam və Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən erməni yaraqlıları tərəfindən raketlə vurulan Milli Qəhrəman Ərəstun Mahmudov bu kəndin adını bütün ölkəyə tanıtmışdır. Pirəbilqasım kəndinin haqlı olaraq Vətən müharibəsi adlandılrılan, düşmən üzərində şanlı Qələbəmizlə nəticələnən İkinci Qarabağ savaşında da Ərəstun Mahmudovun yolu ilə gedən xeyli igid oğulları olub. Onlardan biri də Əhmədov Xəqani Barat oğludur.
Atası ovçu olan Xəqani Əhmədov hələ hərbi xidmətə getməzdən xeyli əvvəl odlu silahla davranmağı öyrənmişdi və valideynlərinin, müəllimlərinin aşıladığı vətənpərvərlik hisslərinin təsiri altında düşməndən qisas alacağı günü gözləyirdi. 2020-ci ilin payızında tale ona bu xoşbəxtliyi bəıxş elədi, amma sağlamlığına vurulan ziyan hesabına.

Əhmədov Xəqani Barat oğlu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2717 nömrəli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı, Azərbaycan Respublikassı Nazirlər Kabinetinin 2022-ci il tarixli 250s nömrəli qərarı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
X.Əhmədov “Gündəm – Xəbər” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirib ki, Vətən müharibəsində yaralanaraq travma almasına və əmək funksiyasından məhrum olmasına baxmayaraq, ona əlillik dərəcəsi verilməməsindən şikayətlidir.

Yazır ki, 15.10.2015-ci ildən 09.04.2017-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində, Tapqaraqoyunlu istiqamətində gedən döyüşlərdə iştirak edib, lakin bu barədə hərbi biletində qeydlər aparılmayıb. 21.09.2020-ci il tarixdə könüllü əsgər kimi Ağdam istiqamətində gedən döyüşlərdə də iştirak edib, yaralanaraq travma alıb. O, mərmi partlaması nəticəsində “sol budun aşağı 1/3-nün bayır kənarının, sol gicgahı, başın alın payının kor qəlpə yaralanmaları, sağ gözdə yad cisim” diaqnozu ilə xəsarət alıb. Vətən müharibəsi başa çatandan sonra 04.12.2020-ci il tarixdə tərxis olunub və Baş Klinik Hospitalında keçdiyi müayinə nəticəsində ona “yararlı” sayıldığını deyiblər. O isə diaqnozun düzgün qoyulmadığı qənaətindədir: “Hazırda diz nahiyəmdə qəlpə daşıyıram, bu da məni narahat edir. Fiziki işlər görməkdə çətinlik çəkirəm, əsəb verir, tez-tez baş ağrılarım olur. Mən yalnız ayrılan 80 manat veteran pulunu alıram. Sağlamlığımda sadaladığım qüsurlar ola-ola, mənə əlillik dərəcəsi verilmir. Xahiş edirəm, qeyd etdiyim faktları ictimailəşdirib geniş oxucu kütləsinə və aidiyyəti orqanlara çatdırasınız”.

Gundemxeber.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.