Bakı Apellyasiya Məhkəməsi təkzib etdi- təkzib
17-03-2023, 08:35

Son zamanlar hakimlərimiz haqqında bəzi xəbər saytlarında jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq, qeyri-dəqiq və məlumat mənbəyi şübhə doğuran yazıların getməsi məyusluq və həqiqi təəssüf hissləri doğurur. Bəzi yerli xəbər portallarının məsələyə bu cür qeyri peşəkar yanaşması ictimaiyyətdə məhkəmə hakimiyyətinə və hakimlərə qarşı neqativ fikirlərin və əsassız aqressiyanın formalamasına səbəb olur.
Bu qəbildən olan yazılardan biri də 15 mart 2023-cü il tarixində Teref.az xəbər portalında paylaşılan, iddiaçı Abbaszadə Xaliq Əvəz oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyadan tutulan vəsaitin bərpa olunması, aylıq müavinətin indeksasiya edilməklə pensiyaya əlavə edilməsi tələbinə dair iş barəsindədir.
Belə ki, portal qeyd edilən inzibati iş üzrə yekun məhkəmə aktının iş üzrə tərəflərə təqdim edilməməsi və həmin işin hələ də birinci instansiya məhkəməsinə göndərilməməsinə dair həqiqəti əks etdirməyən və qeyri-dəqiq mənbəyə əsaslanan məlumat dərc etmişdir.
Bakı Apellyasiya Məhkəməsi həmin məlumatı təkzib edərək bildiririk ki, sözügedən inzibati iş üzrə qəbul edilmiş 03 avqust 2021-ci il tarixli məhkəmə aktı 20 avqust 2021-ci il tarixində iş üzrə tərəflərə təqdim edilmiş, işin materialları isə yekun məhkəmə aktı qanuni qüvvəsini alqdıdan sonra 18 oktyabr 2021-ci il tarixində Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
Odur ki, biz, Bakı Apellyasiya Məhkəməsi olaraq media nümayəndələrindən paylaşılan hər bir xəbərə daha peşəkar və həssas yanaşaraq həqiqiliyini, mənbəyini və əldə edilmə vasitəsini araşdırmadan qərəzli xəbər yayımlamaqdan çəkinməyi tövsiyə edirik.