Az satıb, çox alırıq: - “Zavod və fabriklərin 90 faizi dayanıb”

17-03-2023, 17:30           
Az satıb, çox alırıq: -
2023-cü ilin yanvar-fevral dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 171 milyon 421 min dollar, o cümlədən, ixrac 4 milyard 520 milyon 437 min dollar, idxal 2 milyard 650 milyon 985 min dollar, müsbət saldo 1 milyard 869 milyon 452 min dollar təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinə xəbər verir. Xatırladaq ki, 2022-ci ilin yanvar-fevral dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 940 milyon 221 min ABŞ dollar, ixrac 5 milyard 967 milyon 735 min dollar, idxal 1 milyard 972 milyon 485 min dollar, müsbət saldo 3 milyard 995 milyon 249 min dollar təşkil etmişdi. Beləliklə, Azərbaycanın ixracı azalıb, idxalı artıb, müsbət saldo 2 dəfədən çox kiçilib.

Qeyd edək ki, ölkədə qeyri-neft sektorunun inkişafı prioritet olsa da, son illər bu sahədə istənilən nəticəni əldə etmək mümkün olmayıb. İdxalın artmasının bir səbəbi də yerli istehsalın yetərincə olmaması ilə əlaqələndirilir.

İxracın azalması və ixracın artması tendendiyası nə qədər davam edəcək, problemin həlli yolu nədir?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirib ki, bu azalmada əsasən neft amilindən söhbət gedir:

“Hər bir halda ötən il və bu il tədiyyə balansında mənfi saldo yoxdur. Neft, yanacaq qiymətlərinin ucuzlaşması bu fərqi yaradıb. Neft qiymətlərində ucuzlaşma baş verdikcə ixracın ümumi dəyərinin azalmasını müşahidə edirik. Bu da normal haldır. Çünki bu günə qədər neft amilindən 90 faiz asılıyıq. Qeyri-neft sektoru ilə bağlı dinamik artım var, ancaq xeyli zaman alacaq ki, biz onun əvəz edə bilək. Bu gün qeyri-neft sektoru ilə neft amilini heç cür əvəz edə bilmərik.

Bizim elə bir potensialımız yoxdur. Nəzərə almaq lazımdır ki, qeyri-neft sektoru üzrə güclü portnyorlarımızdan Rusiya və Ukraynada problem yarandığı üçün o bazarda da azalmalar, itkilər var. Çox təəssüflər olsun ki, hər ikisi müharibə şəraitindədir və bu da təsir edir. Bu gün hansısa əvəzləyici istiqamət yoxdur. Yaxın 5-10 il ərzində onu nəinki əvəzləyə bilərik, ümumiyyətlə, faiz nisbətində çatmaq istiqaməti də hələlik görünmür”.

Ekspertin sözlərinə görə, ölkədə monitorinq keçirilsə, 2005-ci ildən tikilib istismara verilən zavodlara diqqət yetirilməlidir:

“Həmin zavod və fabriklər tam gücü ilə çalışırmı? Əksəriyyəti ümumi gücünün 10-15 faiz qədər işləyir, bəziləri ümumiyyətlə, fəaliyyətini dayandırıb. Belə yanaşma, metodologiya ilə əlbəttə ki, çata bilməyəcəyik. Ancaq qeyri-neft sektorunda alternativ enerji mənbələrimiz var ki, bu, hazırda aktual məsələdir. Azərbaycanın bu sahədə kifayət qədər potensialı var. Artıq bu sahədə investorlarla danışıqlar gedir. Gərək bunların hamısını iqtisadi dövriyyəyə cəlb edək, icra mexanizmini də təmin edək. Bu istiqamətdə layihələr reallaşandan sonra tədricən qeyri-neft sektorunun xeyrinə artımlar baş verəcək.

Bununla yanaşı, gərək zavod, fabriklər, məhsullarımız rəqabətyönümlü olsun. Bu gün biz bazara məhsul çıxarırıqsa, qonşu ölkələr də bu sahədə yerində dayanmayıb, hamısı hərəkətdədir. Əsasən də postpandemiya dövründə yeni ticarət mühiti axtarırlar. Eyni zamanda, rəqabətyönümlü məhsulun bazara çıxarılmasında kifayət qədər işlər görülməlidir. Bu sahədə vəziyyət qənaətbəxş deyil. Son rəqəmlərə nəzər salsaq, qeyri-neft sektorunu neftin 90 faiz civarına çıxara bilmirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.