Jurnalistlərin binası JURNALİSTLƏRƏ VERİLİR?.. - AÇIQLAMA

18-03-2023, 17:38           
Jurnalistlərin binası JURNALİSTLƏRƏ VERİLİR?.. - AÇIQLAMA
"Jurnalistlər üçün tikilmiş üçüncü binanın media təmsilçilərindən başqalarına verməklə bağlı bütün təşəbbüslər iflasa uğrayıb. Artıq anlayıblar ki, bu məsələ Azərbaycan dövlətini şəhid ailələrinə və Qarabağ əlillərinə mənzil verə bilməyəcək qədər aciz göstərmək kimi görünür". DİA.AZ bildirir ki, bu barədə paylaşımında tanınmış jurnalist Rəsul Mirhəşimli qeyd edib.
Xatırladaq ki, bu günlərdə yerli KİV-də MEDİA rəhbərliyinin bu məsələ ilə bağlı hökumətə müraciət etməsi və inşası jurnalistlər üçün nəzərdə tutulan binanın Şəhid ailələrinə verilməsi təşəbbüsü ilə çıxış etdiyi haqda informasiya yayılmışdı. İndi isə anlaşılır ki, artıq MEDİA rəhbərliyi geri çəkilməli olub.
R.Mirhəşimli bu məsələyə işarə edərək bildirir: "Bundan əlavə, ölkədə Azərbaycan Prezidentinin sərəncamının ləğv edilməsi halı müşahidə edilməyib. Jurnalistlər üçün tikilən binanın cəmiyyətin başqa təbəqələri arasında bölünməsi üçün Prezident sərəncamının ləğv edilməsi təklifinin qəbulu mümkün olmayan məsələdir. Bu ölkədə hər kəs bilir ki, Azərbaycan Prezidenti imzaladığı sərəncamı ləğv etməyəcək.
Aldığım informasiyalar jurnalistlər üçün tiklmiş üçüncü binadakı mənzillərin mayın 10-da media təmsilçiləri arasında bölünməsi təşəbbüsü yönündədir. Əgər həmin müddətə bölgü ilə bağlı kriteriyaların müəyyən edilməsi və sənəd qəbuluna vaxt azlığı olsa, bu bölgü 22 iyul - Mətbuat Günündə baş tutacaq. Şəhid ailələrindən olan və Qarabağ müharibəsi veteranları olan jurnalistlərə də həmin binadan mənzillər verməklə məsələni ədalətli şəkildə həll etmək yönündə təkliflər var. Bununla bağlı həmin kateqoriyadan olan jurnalistlərin də müraciəti yayılıb.
Ümid edirəm ki, artıq jurnalist binası ətrafında süni şəkildə yaradılmış manipulyasiyalar və müəmmalar aradan qaldırılır.
Üçüncü binada mənzil almaq istəyən və buna haqqı çatan jurnalistlərin yaxın zamanlarda bu gözəl xəbərlə sevinəcəyinə inanıram.
Allah yardımçınız olsun!"
Mövzu diqqətimizdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.