İki qütb arasında mübarizə: Neft bazarını hansı təlatüm gözləyir?
3-04-2023, 15:56

“İnanmıram ki, 1 barelin qiyməti 90 dollara qədər qalxsın”.
Bunu Publika.az-a açıqlamasında neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və bir sıra digər OPEC+ ölkələri bu ilin may ayından etibarən neft hasilatını gündəlik, təxminən 1,16 milyon barel azaldacaqlarını açıqlayıblar. Bu qərarın, neftin bahalaşacağına səbəb olacağı iddia edilir.
İlham Şaban sözügedən məsələyə münasibət bildirib:
“Dünya 2 qütbə bölünüb: Neftdən asılı olan ölkələr və neftdən gəlir əldə edən ölkələr. Məsələ ondadır ki, bunlardan biri qiyməti aşağı salmaq, digəri isə yuxarı qaldırmaq istəyir. Elə bildiyiniz kimi, artıq ABŞ OPEC+ ölkələrinin bu qərarına reaksiya verərək, həmin ölkələrin sözügedən addımını pislədi. Çünki ABŞ və tərəfdaşları bazara əlavə neft çıxarırdılar ki, qiymət artmasın. Xatırlayırsınızsa, qiymət də mart ayında ilk dəfə 70 dollardan aşağı düşmüşdü – neftin bir bareli 69 dollara satılmışdı. Yəni OPEC+ ölkələrinin neft hasilatının azalması ilə bağlı atdığı addım iki qütb arasında mübarizəni daha da gücləndirəcək”.
İ.Şaban onu da vurğulayıb ki, hazırda neftin qiyməti 84-85 dollar/barel olmasına baxmayaraq, bu artımın 90 dollara çatacağı və həmin məbləği keçəcəyi inandırıcı görünmür. Tanınmış ekspert bunu hazırda dünya bazarında neftə tələbatın o dərəcədə də yüksək olmaması ilə əlaqələndirib.