Azərbaycanda ət durmadan bahalaşır: - Heyvan gətirilməsinə qadağa?

3-04-2023, 18:10           
Azərbaycanda ət durmadan bahalaşır: -
Son günlər ölkədə bir çox məhsullarla yanaşı ətin qiymətində də artım davam edir.

Belə ki, bölgələrdə ətin qiyməti 2 ay öncə 11 manat idisə, bu gün artıq 13 manatdır. Rayonlarda ətin bahalaşması sonda Bakıda ətin qiymətinin daha da artmasına gətirib çıxarır. Bu gün paytaxtda ətin qiyməti 14-15 manat arasında dəyişir. Bunun səbəbi isə müxtəlif amillərlə izah edilir.

Məsələn, qəssab Şahsuvar Əliyev deyib ki, qiymətləri artıran bir səbəb kəndli ilə qəssablar arasında alverçilərin çox olmasıdır:

“Əvvəllər bütün rayonlarda mal bazarı eyni gün olurdu. İndi rayonlarda mal bazarları fərqli günlərdə təşkil edilir. Bu da ona gətirib çıxarır ki, bir rayonda bazar olanda, digər rayonların alverçiləri də o bazara axışır. Heyvanı sahibindən almağa imkan vermirlər. Alverçilər bu yolla böyük qiymət artımı yaradırlar”.

Şahsuvar Əliyev həmçinin deyib ki, əvvəllər Rusiyadan kəsim üçün heyvanlar gətirilirdi, o da qiymətlərə təsir edirdi:

“İndi Rusiyadan heyvan gətirilmir. Əvvəl bazarda rəqabət yaranırdı, yerli heyvanların qiymətini çox yüksək təyin edə bilmirdilər. İndi vəziyyət dəyişib”.

Qeyd edək ki, ümumiyyətlə, ətin qiymətinin artması ilə bağlı digər səbəblər də, məsələn, yanacağın, yemin baha olması kimi amillər də göstərilir. Nəticədə isə bahalıqdan əziyyət çəkən əhalidir ki, bu gün bəzi imkansız ailələr üçün hazırki qiymətlərdə ət əlçatan deyil. Ölkədə ətlə bağlı bolluğun yaranması və qiymətin ucuz olmasında əsas amillərdən biri məhz idxal hesab olunur.

Hazırda bu sahədə problemin yaranmasının səbəbi nə ilə izah edilir?

TEREF.AZ-ın məlumatına görə, Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov Cebhe.info-ya bildirdi ki, bu gün bala almaq, südçülük, heyvandarlığı inkişaf etdirmək üçün xaricdən cins heyvan gətirirlər:

“Bundan başqa Azərbaycana Hindistan, Argentina, Amerika, Ukrayna, Rusiya, Gürcüstan kimi xarici ölkələrdən ət gətirilirdi.Əgər həmin ölkələrdə xəstəlik olursa, AQTA və Baytarlıq xidməti ətin, diri heyvanın gətirilməsinə qadağa qoyurlar. Ətin qiymətinin qalxmasının bir səbəbi də budur. Yəqin ki, ətin bahalaşmasının əsas səbəblərindən biri də yem məsələsi ilə bağlıdır. Yemin qiyməti qalxanda ətin qiyməti qalxır. İdxal o zaman dayanır ki, idxalçı ölkədə xəstəliklər baş verir.

Beynəlxalq Epizootik Bürosu da göstərir ki, dünyada hansı xəstəliklər var və digər dövlətlər bu barədə məlumat əldə edirlər. Əgər bu gün Gürcüstandan ətin idxalına icazə verilmirsə, buna səbəb hansısa xəstəlik ola bilər. Zoonoz xəstəliklər (taun, leyşmanioz) var ki, bu da insana da keçə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.