Təhlükəli əşya gəzdirən məktəblilər: valideyn, yoxsa məktəb günahkardır?

4-04-2023, 12:16           
Təhlükəli əşya gəzdirən məktəblilər:
"Abituriyentlərin imtahana soyuq silah gətirməsi yolverilməzdir".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

Ekspert bildirib ki, soyuq silahların imtahana gətirilməsinin əsas səbəblərindən biri digər imtahan iştirakçılarından təhdid yolu ilə cavabların əldə olunması ola bilər:

"Digər qadağan edilmiş əşyalar, məsələn, ağıllı saatlar, elektron cihazlar və s. yenə də imtahan zamanı köçürülmə və yaxud imtahan suallarının cavablandırılmasına hesablanmış faktlardır. Əlbəttə, bu hallar yolverilməzdir. İlk növbədə abituriyent imtahana gedirsə, bilməlidir ki, onun üst-başı mütləq şəkildə yoxlanılacaq və həmin qadağan edilmiş vasitələrin imtahan binasına daşınması düzgün deyil".

Elçin Əfəndiyev qeyd edib ki, məktəblərin yuxarı siniflərində olan hər 20 şagirdin demək olar ki, 3-də təsbeh, bıçaq və s. digər təhlükəli vasitələr olur:

"Burada əsasən valideynlər diqqətli olmalıdırlar, çünki təlim-tərbiyə birinci ailədən gəlir. Digər məsuliyyət isə Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdə, həmin məktəblərin rəhbərlərindədir. Çünki onlar artıq məktəblilərdə kənaraçıxma hallarını müşahidə etdikləri zaman onların valideynlərini profilaktik söhbətə çağırmalı, müəyyən məlumatları verməlidirlər. Bu kimi məsələləri daimi olaraq diqqətdə saxlanılmalı, valideynlərə xəbərdarlıq edilməlidir".

Ekspertin sözlərinə görə, faktiki olaraq məktəblərdə baş verən acınacaqlı hallar artıq imtahan prosesinə də siraət edir:

"Bu gün Azərbaycanda bir milyon altı yüz mindən çox şagird təhsil alır. Onların təxminən 400-450 min nəfərdən çoxu yuxarı sinif şagirdləridir, onların da içərisində müəyyən qədəri kriminal, oğru aləminə, xurafata, cahilliyə meyilli olan şəxslərdir. Bu da ciddi haldır, bunun üzərində təbii ki, düşünmək lazımdır. Burada müəllimi və ya birbaşa məktəbi günahlandırmaq olmaz. Burada ilk öncə valideynlər, sonrakı gedişatda isə məktəb rəhbərliyi günahlandırıla bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.