Bərpaolunan enerji rentabelli və iqtisadi məntiqli olmalıdır
7-04-2023, 12:34

Rusiya rublu keçən ilin aprelindən bəri ilk dəfə dollar qarşısında 81 rubl=1 dollar səviyyəsinə qədər dəyər itirdi. Çox güman yaxın aylarda dollar 90-95 rublu görəcək, Qərbin sanksiyaları işləməyə başlayır, bundan başqa hələ də Rusiyanın əsas şirkətləri qazancını dollarla əldə edir, dolları daha baha rubla dəyişməlidirlər ki, həm büdcə öhdəliklərini yerinə yetirsinlər, həm də rubulla daha çox kar əldə etsinlər – daha çox rubl maaş artımı, gəlir artımı üçün şərait yaradır.
Türk lirəsi də dəyər ititməkdə davam edir, mayda baş tutacaq seçkilərin nəticələrindən asılı olmayaraq (bəli, istənilən nəticədə) lirə ucuzlaşmaqda davam edəcək, yaxın aylarda 1 dollar 25 lirə civarında ola bilər.
Azərbaycan manatının isə öz həyatı var, dünyayi-aləm vecinə deyil, inzibati qaydada “iqtisadi zopa” ilə idarə olunur, yegənə dayağı, dirəyi də neft-qaz qiymətləridir. “Kağız neft” olan manatın son günlər kefi bir az da kökəldi:
OPEC+ yenidən iqtisadi cinayət sayılan kartel sövdələşməsi ilə hasilatı kəskin azaldaraq qiyməti artırdı, neft 100 dollara qədər bahalaşa bilər.
ABŞ-ın indiki rəhbərliyi bu qərara, güya, etiraz etsələr də, əməli bir iş görmürlər, əslində OPEC+ iqtisadi cinayətlə məşğuldur. İstəsələr Beynəlxalq Məhkəmələrdə iş açıb OPEC+ cəzalandırarlar, amma etməzlər, çünki üzdə nə qədər baha neftdən şikayət etsələr də, dünyanın indiki əsas siyasi elitasına baha neft-qaz çox lazımdır ki, bərpaolunan enerjiyə ayırdıqları yüzmilyardlarla subsidiyalar davam etsin, “yaşıl enerjiyə” özəl sektor da vəsait yatırsın – neft 40-50 dollar, qaz 230-250 dollar olsa bütün “yaşıl” layihələr “saralacaq” rentabelliyini itirəcək, bir tək subsidiyalarla ayaqda qalması çətinləşəcək.
Yeni Enerji Keçidi strategiyası Dünya üçün çox önəmlidir, insanlığın gələcəyi üçün atılan addımlardır, amma bunu zorla, pul səpməklə, siyasi və iqtisadi maraq qruplarının istəyi ilə deyil də, orqanik, təbii olaraq həyata keçirmək lazımdır. Bərpaolunan enerji rentabelli və iqtisadi məntiqli olmalıdır – məhz bu zaman insanlıq üçün böyük irəliləyiş olacaq...
Natiq Cəfərli
Teref.az