Dollar Rusiyada son bir ilin ən yüksək həddinə çatıb

7-04-2023, 13:36           
Dollar Rusiyada son bir ilin ən yüksək həddinə çatıb
Dollar bölgədə açıq-aşkar güclənir. Turkiyədə ABŞ valyutası 20 həddinə yaxınlaşır. İstənilən halda burada rekord qeydə alınıb. Rusiyada isə dollar son bir ilin ən yüksək həddinə çatıb.

Bizimyol.info xəbər verir ki, Moskva birjalarında Qərb küləkləri əsir. Həm dolların, həm də avronun məzənnəsi dayanmadan artır. Dollar 81 həddini aşıb. Avro isə indi 88 rubldan baha təklif olunur.

ABŞ valyutası Rusiyada axırıncı dəfə təxminən bir il əvvəl bu göstəricini ortaya qoymuşdu. Əlbəttə, rublun daha zəif vaxtları olub. Sadəcə, bir ildir 81 göstəricisi qeydə alınmırdı.

Analitiklər rublun kəskin zəifləməsini martda vergi dövrünün sonlanması ilə izah edirlər. Bundan başqa, “rus pulu” hələ də ixracla idxalın pul ifadəsində qeyri-bərabər nisbəti və Rusiya neftinə qarşı sanksiyaların təzyiqi altındadır. “Urals”ın çox ucuz satılması, neft və qaz gəlirlərinin azalması fonunda yığılmış büdcə kəsiri, xərclərin kəskin artması da özünü göstərir. Yəni iqtisadi amillər bütün hallarda sözünü deyir.

Hakimiyyət 2023-cü il üçün rublun orta məzənnəsi ilə bağlı proqnozu kəskin şəkildə pisləşdirib. Dollar üçün göstərici 68,3-dən 77 rubla qaldırılıb. “Vedomosti”yə danışan Kremldəki mənbələrdən biri milli pulun zəifləməsini ixracatçıların valyuta satışının aşağı səviyyədə olması, əhalinin vəsaitlərini geri çəkməsi ilə əlaqələndirib. Eyni zamanda, rublu başqa pula dəyişən xarici şirkətlərin Rusiyada biznesini satması ilə vəziyyəti dəyişib. Başqa bir mənbəyə görə, rublun məzənnəsinə bazarda dollar likvidliyinin əhəmiyyətli dərəcədə azalması güclü təsir göstərir.

Bundan sonra necə olacaq? Hər halda müharibə dövründə rublun özünə gəlməsi gözlənilmir. Rusiya iqtisadiyyatı onsuz da ağır dövrünü yaşayır. Yaxın gələcəkdə bundan daha yaxşı ola bilməz. Rublu süni yollarla ayaqda saxlamaq cəhdi uğursuz alınacaq. Buna görə də dollar Rusiyada güclənməkdə davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.