Şəhərətrafı işləyən avtobus sürücülərinin intizamsızlığı daha təhlükəli həddə çatıb – çoxu daim “WhatsApp”da “onlayndı”
8-04-2023, 12:26

Niyazi Əliyev: “Avtobus qəzalarının ilk səbəblərindən biri də sürücülərin iş rejiminə düzgün əməl etməməsidir”
Son vaxtlar avtobuslar ən təhlükəli nəqliyyat növünə çevrilib. Həm paytaxt Bakıda, həm regionlarda dəhşətli avtobus qəzalarının şahidi oluruq. Törədilən qəzalarda günahkar çox zaman avtobus sürücüləri olur.
Apardığımız müşahidələr zamanı aydın olub ki, şəhərətrafı işləyən marşrut abtobuslarının sürücüləri bir çox hallarda əksər təhlükəsizlik tədbirlərinə, müvafiq tələblərə riayət etmir. Xüsusi geyimdə olmur, siqaret çəkir, ən əsası davamlı olaraq telefonla danışırlar.
Nəqliyyat eksperti Niyazi Əliyev bizimlə söhbətində qeyd etdi ki, avtobus qəzalarının əsas səbəblərindən biri budur ki, sərnişindaşıma ilə məşğul olan şirkətlər sürücülərin qeydiyyatını düzgün həyata keçirmirlər: “Belə ki, çox oturacaqlı nəqliyyat vasitəsinin idarə olunmasında xüsusi tələbləri və kateqoriyaları var ki, sürücülər həmin kateqoriyalara sahib olduğu halda işə götürülməlidir. Çox təəssüflər olsun ki, nəqliyyat vasitəsini azacıq idarə edə bilən sürücülər sərnişindaşıma nəqliyyatına cəlb edilir. Burada sürücülərlə yanaşı, onları işə götürən şirkətlər də məsuliyyət daşıyır. Bu məsələyə nəzarət edən Bakı Nəqliyyat Agentliyi və digər qurumlar vaxtaşırı reydlər etməli, bununla bağlı monitorinqlər aparmalıdırlar ki, həqiqətənmi avtobus idarə edən sürücülər tələb olunan kateqoriyalı sürücüdürlər, ya yox”.
Həmsöhbətimiz hesab edir ki, avtobus qəzalarının artmasının səbəblərindən biri də sürücülərin sosial şəbəkələrdə onlayn olmasıdır: “TikTok” və digər sosial şəbəklər bu gün populyardır. Təbii ki, smartfonlar sürücülərin diqqətini daha çox yayındırır. Diqqəti yayınmasa da, bu hal qəzaya səbəb olur. Bu adi insan məsuliyyətsizliyidir.
Həmçinin, avtobus qəzalarının ilk səbəblərindən biri də sürücülərin iş rejiminə düzgün əməl etməməsidir. Bəzən sürücülər fasiləsiz olaraq, istirahət etmədən işləmək məcburiyyətində qalırlar. Biz dəfələrlə bir sürücünün günlərlə nəqliyyat vasitəsini idarə etdiyinin şahidi oluruq. Bu, xüsusən də uzaq bölgələrə yola çıxan avtobus sürücüləri arasında tez-tez baş verir. Halbuki bu hal qanunvericiliyə ziddir. Nəticədə sürücülər gərgin iş rejimində çalışır və qəza törədirlər”.
Bakixeber.com