Tibb məntəqəsinin qapısına qıfıl vurulub: 6 aydır...

11-04-2023, 00:02           
Tibb məntəqəsinin qapısına qıfıl vurulub:
Şəkidən 35 km məsafədə yerləşən Aran kəndində bir neçə aydır ki, tibb məntəqəsinin qapısına qıfıl vurulub. O gün, bu gündür sakinlər necə deyərlər yollarda qalıb.
İTV-nin əməkdaşları bu ucqar yaşayış məntəqəsi sakinlərinin harayına səs verib, onları dinləmək üçün kəndə yollanıb.
600-ə yaxın sakinin yaşadığı Aran kəndinin cəmi bir tibb məntəqəsi var ki, onun da qapısı bağlı, üstündə də qıfıl. 6 aydır ki, vəziyyət bu cürdür. Hələ bu azmış kimi, sən demə kənddə nə həkim var, nə də tibb bacısı. Sakinlər isə vəziyyətdən bu cür çıxmağa çalışır.
Elçin Cəlilov: “Bir iynə lazım olanda gedirik qonşu kəndlərə. İndiki zamanda hamı çətin vəziyyətdə yaşayır, maşın tut, ora get. Doktoru çağırsan gəlmir. Bir iynədən ötrü biz gərək 3-5 km başqa yerə gedək”.
Sarvan Ramazanov: “Axşam da təcili tibb maşını çağırdıq, 1-2 saata gəldi, xəstəmiz var idi. Yəni biz istəyəndə tapa bilmirik, mütləq kənar kəndlərə getməliyik”.
Bahar Xanmədova: “Uşaqlar gecə-gündüz xəstələnir. İlkin tibbi yardım göstərməyə nə həkim, nə tibb bacısı yoxdur ki, köməklik etsin. Məcbur oluruq ayrı kəndə – Suşmaya, Dəhnəyə gedib uşağa sistem vurduraq”.
Sakinlər deyir ki, mövcud problem bir neçə dəfə Şəki rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin diqqətinə çatdırıb. Lakin bir nəticəsi olmayıb.
Qəzənfər Məmmədov: “Rayon Mərkəzi Xəstəxanasının baş həkimi idi, ya kimi idi bilmirəm, Arzu xanıma müraciət etdim ki, bizim kənddə tibb bacısı yoxdur. O da dedi ki, yaxınlarda tibb bacısı varsa, təşkil edin işləsin. Bizim əvvəlki tibb bacısı var idi, Sveta xanım, onu təklif elədim. O da dedi ki, yaşı çoxdur, biz onu götürə bilmərik. İndi qalmışıq çıxılmaz vəziyyətdə. Nə Svetaya razı olurlar, nə də tibb bacısı göndərmirlər. Bəs biz neyləyək?
İTV-nin əməkdaşları vəziyyətə aydınlıq gətirmək üçün Şəki rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə əlaqə saxlayıb. Bildirilib ki, hazırda həmin kənddə yalnız bir tibb bacısı var. O da analıq məzuniyyətindədir. Sakinlərə isə yaxın kəndlərdəki tibb məntəqələrinə müraciət etmələri məsləhət olunuv.
Məsələyə TƏBİB-dən də münasibət öyrənmək istənilsə də, suallara cavab verən olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru