Baha ət, yoxsa ucuz pambıq? -
12-04-2023, 19:50

Azərbaycanda 2020-ci ildə pambığın ölkə üzrə istehsal həcmi 2019-cu illə müqayisədə artsa da, 2021-ci ildə azalıb.
Belə ki, 2020-ci il üzrə 336,8 min ton pambıq istehsal edildiyi halda 2021-ci ildə bu göstərici 287,0 ton olub. Bu da ölkə üzrə istehsal həcminin 14,8% azaldığı deməkdir. Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsində bildirilir ki, ötən illərlə müqayisədə yeni subsidiya mexanizmi tətbiq edildiyinə baxmayaraq məhsuldarlıq azalıb. Yəni yeni subsidiyalaşdırma mexanizmində əvvəlki mexanizmdən fərqli olaraq subsidiyanın pambığın həm əkininə, həm də məhsul satışına görə müəyyənləşdirildiyi şəraitdə pambıqçılıq sahəsi üzrə ümumilikdə ödənilmiş subsidiyanın məbləğinin 2019-cu ilə nisbətən 2020-ci ildə 59,7% artaraq 47,1 mln. manatadək, 2021-ci ildə 82,0% artaraq 53,7 mln. manatadək yüksəlməsinə baxmayaraq, pambığın məhsuldarlığı 2021-ci ildə 28,5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə (2019-cu il üzrə 29,5 sentner/hektar, 2020-ci il üzrə 33,5 sentner/hektar) müqayisədə, müvafiq olaraq 3,4% və 14,9% azalıb.
Ekspertlər pambıqçılığın inkişafını yüksək qiymətləndirilsələr də, ərzaq məhsullarına olan tələbatı və strateji ərzaq məhsullarının xaricdən idxalını nəzərə alaraq daha çox heyvandarlığın inkişafının vacibliyini vurğulayırlar. Ölkədə ət, yağvə süd məhsullarının qiymətinin günbəgün artdığını nəzərə alsaq, heyvandarlığın inkişafına diqqət ayrılması vacibdir.
TEREF.AZ bildirir ki, belə düşünənlərdən biri də kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirlidir. Ekspert mövzu barədə Cebhe.info-ya danışarkən Azərbaycanda pambıq istehsalının səmərəsiz olduğunu deyib:
“Bu barədə təklifləri hələ 2017-ci ildən hökumətə yazıb göndərmişəm. Azərbaycanda pambıqçılığın inkişafının mümkün olmadığını əsaslandırmışam. Nə qədər subsidiya verolsə və sahələr genişləndirilsə də, Azərbaycanın iqlimi pambıqçılıq üçün uyğun deyil. Sovet dönəmindən misal gətirirlər, həmin dövrdə Azərbaycanda istehsal edilən pambıq Özbəkistanın Səmərqənd şəhərindəki pambıq zavodunda tayalanıb qalırdı, yanıb məhv olurdu. O pambıqdan istifadə olunmurdu. Sadəcə olaraq, əhalinin məşğulluğunu təmin etmək SSRİ-nin siyasəti idi. Azərbaycandan neft aparırdı, neftin dəyərinin 20 faizi qədərində pambıqçılığa vəsait ayırırdı. Bununla da məsələni həll edirdi. Orada hədəf pambıq istehsalını genişləndirmək deyil, əhalini işlə təmin etmək idi. Sonda da proses göstərdi ki, pambıq səmərə vermir, liflərindən istifadə eləmək olmur. Azərbaycana rəhbərlik səviyyəsində dedilər ki, bizə pambıq əvəzinə pul gətirin”.
Ekspert hesab edir ki, ölkədə pambıq üçün ayrılan əraziləri kənd təssərrüfatının digər sahələrinə vermək lazımdır:
“Pambıqçılığın inkişafında bir kriteriya var. Hansı ölkənin ərazisində yüksək məhsuldarlığı olan pambıq sortu yetişmirsə, orada pambıqçılığı inkişaf etdirmək çətin məsələdir. Bizdə də onlar yetişmir. Pambıqçılıqdan ildə ən yaxşı halda 250-300 milyon vəsait götürə bilərik. Eyni zamanda, biz digər kənd təsərrüfatı məhsullarının ölkəyə idxalı üçün hər il 2 milyard dollar ətrafında vəsait xərcləyirik. Amma pambığın gətirə biləcəyi 250 milyondan imtina edib, onun ərazisini digər kənd təsərrüfatı məhsullarına, məsələn, taxıla, bostan-tərəvəz bitkilərinə, heyvandarlıq məhsullarına – yonca, qarğıdalı, yem bitkilərinə versək, həmin idxalı 80-90 fazi aşağı sala bilərik.
O varianta əl atsaq təxminən 1.5 milyard dollar vəsait ölkədən çıxmayacaq. Yəni bu pambığın inkişaf etdirilməsi, istehsalı Azərbaycanda heç cür məqsədəuyğun deyil. Əvvəldən buna münasibətimizi bildirmişik, indi bütün əsaslandırmanı, səbəbləri sadalamaq mümkün deyil. Bu məsələni müxtəlif iqtisadçılar arasında müzakirə etmişik ki, Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsinin perspektivi yoxdur. Bu, ölkəmizdə kənd təsəsrrüfatını çökdürür, məhv edir. Buğda, bostan-tərəvəz bitkilərinin istehsalı azalır. Pambığın əvəzinə o bitkiləri becərsək, o sahələri inkişaf etdirsək, daha çox səmərə verər”.