"Heydər Əliyevdən sonra onun saldığı parkların yarısını qırdılar" - Aslan İsmayılov sükutu pozdu
12-04-2023, 19:33

Uzun müddətdir mediadan kənar gəzən tanınmış hüquqşünas Aslan İsmayılov sükutu pozub. İllərlə mətbuata açıqlama verməyən, lakin sorğumuzun yaşıllaşdırma ilə bağlı olduğunu eşidən Aslan İsmayılov sualımızdan yayınmayıb. Hələ 2017-ci ildə Bakıda min ədəd xan çinarından ibarət park salması ilə ekologiyaya böyük töhfə verən hüquqşünas maraqlı məqamlara toxunub.
TEREF.AZ bildirir ki, KONKRET.az hər kəsi ağac əkməyə səsləyən hüquqşünasın Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi ilə bağlı ağacəkmə kampaniyasına qoşulub-qoşulmadığı ilə maraqlanıb.
Aslan İsmayılov öncə görkəmli siyasi xadim Heydər Əliyevə münasibətindən bəhs edib. Bildirib ki, ona qarşı heç vaxt göstəriş xarakterli münasibət sərgiləməyib: “Heydər Əliyevin yüzilliyi ilə bağlı yazım olacaq. Mən dəfələrlə çıxışlarımda demişəm ki, Bakını yaşıllaşdıran rəhmətlik Heydər Əliyev olub. Çox təəssüf edirəm ki, Heydər Əliyevdən sonra onun saldığı parkların ən azı yarısını qırdılar, ağacları kəsdilər. Rəhmətlik (Heydər Əliyev – red) hansı ağacı əkməyin doğru olduğunu yaxşı bilirdi. O, özü arxitektor-memar idi və nəyi necə etməyi gözəl anlayırdı. O vaxt Azərbaycanda bir ədəd də olsa dekorativ ağac əkilmirdi. Bu gün hər yan oleandr və ya zəkkum ağacı ilə doludur. Əvvəl mən də bilmirdim və parkda iki mindən çox oleandr əkmişdim. Sonradan öyrəndim ki, bu dekorativ ağac gül açanda zəhər buraxır. Amma çox tez gül açır və gözəllik verir. Üstəlik, heç bir qulluq da tələb etmir. Heydər ƏIiyevin dönəmində bir ədəd də oleandr yox idi. Mən parkdan bu dekorativ ağacları çıxardım. Son 300 ədəd qalıb, onları da bir-iki ildən sonra yox edəcəm”.
Aslan İsmayılov hazırda bütün Bakının oleandr ağacı ilə dolu olduğunu deyib: “Heydər Əliyev yaşıllıqla bağlı Azərbaycan üçün çox işlər görüb. Özü də onun gördüyü işlərin heç biri bu günə hesablanmayıb. Yüz-iki yüz ildən sonra Heydər Əliyevin nə etdiyini biləcəklər. Təəssüf ki, hazırda çoxları onun hansı addımlar atdığını və bunu nə üçün etdiyini qavramır. Ulu Öndərin nələr etdiyini mən bilirəm və “Sumqayıt” kitabımda bəzi şeyləri yazmışam. Amma yüzilliklə bağlı kampaniyaya qoşulmaq mənə görə deyil. İndi o qədər yaltaq var ki, onların sırasında mənim də adımın çəkilməsini istəmirəm. Əminəm ki, gələcək nəsillər kimin nə deməyindən asılı olmayaraq Heydər Əliyevin kim olduğunu dərk edəcəklər. Vaxtilə mollalar Atatürkə həqarət etməyə, hətta heykəlini də götürməyə cəhd edirdilər. İyirmi ildən sonra isə Atatürkün kim olduğunu anlamağa başladılar. Azərbaycan üçün də Heydər Əliyev elə bir şəxsiyyətdir”.