“Bizim buğdadan olan çörək marketdən geri qayıdır” -

14-04-2023, 13:17           
“Bizim buğdadan olan çörək marketdən geri qayıdır” -
Hesablama Palatasının məlumatına görə, ölkə üzrə ümumi buğda əkini sahəsinin həcmi 2021-ci ildə 572 309 hektar olmaqla 2020-ci illə müqayisədə 16 106 hektar və ya 2,7 %, 2019-cu illə müqayisədə 97 711 hektar və ya 14,6 % azalıb.

İstehsal olunmuş buğdanın miqdarı 2021-ci ildə 1885,4 min ton təşkil edərək 2020-ci ilə nisbətən 18,1 min ton və ya 1,0 % artsa da, 2019-cu illə müqayisədə 286,1 min ton və ya 13,2% azalıb.

Qeyd edək ki, hər il ölkədə yerli buğda istehsalı ilə bağlı əkin sahələrinin və məhsul yığımının artdığı bildirilsə də, hələlik Azərbaycan idxaldan asılı ökədir.

“Cümhuriyət” qəzetinin müsahibi Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, taxıl və paxlalı bitkilər laboratoriyasının müdiri Firudin Qurbanovdur. DİA.AZ onunla söhbəti təqdim edir:

- Ölkədə hər il buğda əkini aparılmasına baxmayaraq, Azərbaycan idxalçı ölkədir və niyə bu sahə bizdə inkişaf etdirilmir ki, idxaldan asılılıq aradan qaldırılsın?

- Bizim torpağımız və iqlim şəraitimiz yüksək keyfiyyətli buğda yetişdirmək üçün tam əlverişlidir. Sadəcə, bizdə yerli şəraitə uyğun buğda sortlarının olmaması səbəbindən yüksək məhsul əldə edə bilmirik. Bu da bizim fermerlərin bu sahə üzrə bilikli olmaması ilə bağlıdır.

Belə ki, fermerlər özü əkdiyi məhsuldan səpin aparır. Elə fermer var ki, 10 ildir özü əkdiyi məhsuldan toxum tutub səpir. Bu da artıq bioloji qocalmış məhsuldur. Bizdə seleksiya, toxumçuluq işinə diqqət azdır. Bu sahə üzrə həvəsləndirici tədbirlər görülmür. Ona görə də fermerlər istənilən yerdən toxum alıb səpir ki, sonda da bu nəticə ilə üzləşirik.

Bunun əsas səbəblərindən biri odur ki, şirkətlər, sahibkarlar yüksək qazanca üstünlük verir. Hazırda buğda əkməklə yüksək qazanc da əldə etmək mümkün deyil. Digər tərəfdən Azərbaycanda əkilən buğdadan normal məhsul götürməyi hesablasaq, əslində kənardan buğda almamalıyıq. Bu gün milyon hektara yaxın taxıl əkildiyi deyilir, burada ərzaq buğdası və orta məhuldarlığı hesabladıqda o qədər idxala ehtiyac qalmamalıdır. Burada başqa bir məsələ var.

Bizim torpaqlar paylanıb və kəndli, fermer illərdir ki, taxıl əkir. Həm növbəli əkin edə bilmir, həm də bioloji, mexaniki zibillənmə baş verir. Bu gün taxıl sahələrini gəzsək, orada buğdanın bərk, yumşaq kimi növləri, onların da müxtəlif sortları var. Hətta arpa, çovdar və s. var. Yəni bizim sahələrdə qarışıqlıq hökm sürür. Əgər çörək üçün yumşaq buğda əkib, 4-lü xromosomlu, onun məhsulunu əldə etməliyiksə, fermerlərin əkdiyi buğdanın 4 faizi yumşaq, 20 faizi bərk, 20 faizi arpa, 20 faizi çovdar və digər qarışıqlardır. Bizim əsas problem əkin sahələrinin qarışıq olmasıdır.

- Fermerlər bilərəkdənmi yalnız ərzaq buğdası deyil, digər buğda növləri ilə qarışıq şəkildə əkin aparırlar?

- Fermer əgər indi öz torpaq sahəsinə arpa əkibsə, iyunda onu biçəcək, oktyabrda yumşaq buğda səpəcək. Həmin torpaqda 30 faiz arpa var, gələn il onun sahəsində 70 faiz yumşaq buğda olsa, 30 faiz də arpa olacaq.

Növbəti il o həmin sahədə payızda bərk buğda əkir, artıq sahənin 30 faizi bərk, 30 faizi arpa, 40 faizi də yumşaq buğda olur. Bununla da 3 ilin ərzində qarışıqlıq yaranır və onu ardıcıl biçir, səpir, ayırmaq imkanı yoxdur, qarışıq məhsulla səpin aparır, toxumla deyil. Məhsulu biçəndə elə bir texnika icad olunmayıb ki, həmin taxıl növlərini ayırsın. Ona görə də aparıb dəyirmanında üyüdərkən unun bir hissəsi yumşaq buğda, bir hissəsi arpa, çovdar olur.

Nəticədə belə bir məhsuldan qarışıq bir un olur və ondan da çörək əmələ gəlmir. Ona görə də bizim fermerlərin böyük bir qismi əkdikləri buğdanı çörəkbişirmə sənayesinə deyil, yem kimi satırlar. Ən böyük problem də odur. Çünki biz bu qədər ərazidə təmiz yumşaq buğda əkib, orta bir məhsul götürsək, o, bizi qane etməlidir. Ancaq biz bu qədər ərazidə buğda əkirik, qarışıqların ucbatından böyük bir qismi çörəkbişirmədə istifadə edə bilmirik, yem istehsalına gedir.

- Ən keyfiyyətli buğda növlərindən biri kimi Qazaxıstan buğdası da idxal edirik. Bizim fermerlər bu sahədə niyə digər ölkələrin təcrübəsindən yararlanmırlar?

- Qazaxıstan ancaq yumşaq buğda, çörək üçün buğda əkir. Yumşaq buğda dedikdə, yəni 4-lü xromosomludur, şişməsi, təndirə yapışması, məsaməli olması, bir neçə gün qalsa da, xarab olmaması kimi keyfiyyət göstəriciləri yüksək olur. Bərk buğda 28 xromosomludur, bundan çörək bişirmək olmaz.

Bizim fermerlər əkən buğdanı heç bir dəyirman almır və heç bir çörək sexi ondan çörək bişirmir. Çünki o çörək marketə getsə də, axşam geri qayıdır. Ona görə də Qazaxıstan, Ukrayna, Rusiya, Belarus tamamilə yumşaq buğda əkirlər. Bu baxımdan, bizim sahibkarlar həmin ölkələrdən gələn buğdaya üstünlük verirlər.

Bəzən deyirlər ki, yerli buğdanın keyfiyyəti aşağıdır. Bu yüz faiz yanlış fikirdir. Azərbaycanda tarixən dünyada məşhur olan sortlar olub. Həmin torpaqdır. Sadəcə o vaxt babalarımız əkib-becərsə də, indi nəvələr hamısını bir-birinə qarışdırıblar.

Məsələn, bir aydan sonra rayonlara gedərkən yol kənarında əkin sahələrinə baxsaq, qılçıqlı-hündür yumşaq, qılçıqlı-hündür bərk buğda, qılçıqsız-yumşaq buğdalar, arpa, çovdar görəcəyik. Yəni orada hər cür bitki görmək mümkündür. Həmin qarışığı da heç kim ayıra bilmir. Sadəcə torpaq boş qalmaması üçün əkirlər. Sonra da məhsulu yem kimi satırlar.

- Mövcud problemi aradan qaldırmaq üçün dövlət nəzarəti, yaxud hansı tədbirlər həyata keçirilməlidir ki, nəzarətsiz əkin aradan qalxsın, biz də Qazaxıstan və digər ölkələr kimi tam keyfiyyətli məhsul əldə edək?

- Bu sahədə dövlət öz üzərinə düşəni edir, subsidiya verir. Ancaq dövlət gəlib hər fermerin başının üstündə dayanıb “filan məhsulu əkin” demir. Fermer baha olduğu üçün gedib keyfiyyətli toxumu almır, öz məhsulundan səpin aparır. Fikirləşir ki, torpaq da, mal da mənimdir. Nə qədər ki, insanlar belə səpin aparacaq, yekun da belə olacaq.

Çünki bunun üçün maarifləndirmə işləri aparılmalıdır, yerli sortlar yaradılmalıdır. İndi kimdir yerli sortlara qiymət verən? Hamının da xaricdən gələn bahalı sortların toxumunu almağa imkanı yoxdur. Bundan başqa xaricdən gələn sortların toxumunun da bir çoxunun GMO, riskli olduğu, bizim torpaq iqlim şərtlərinə uyğun gəlməsi kimi problemlər də yaşanır.

- Bu gün ölkədə elmi-tədqiqat institutları keyfiyyətli yerli sortların yetişdirilməsi istiqamətində hansısa işlər görür?

- Bu gün elmi-tədqiqat institutlarında çalışanların əməkhaqqına baxsaq, onlara nə maaş verilir ki, onlardan da nəsə tələb edək. Hazırda ən az maaş alan təbəqələrdən biri elm sahəsinin işçiləridir. Ona görə də bu sahəyə köklü diqqət yetirilməlidir. Ümumilikdə isə bu sahənin inkişafı üçün maarifçilik böyük rol oynayır.

Vətəndaşlar vəsait xərcləməmək üçün gedib bazardan ucuz məhsul alıb, səpin aparır. Nə qədər ki, insanlar toxum deyil, adi məhsulla səpin aparacaq, bu problem yaşanacaq. Eləcə də nə qədər ki, fermerlər növbəli əkin tətbiq etməyəcək, bu vəziyyət davam edəcək. Ümid edək ki, yaxşı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.