Hökumətdən sürpriz ucuzlaşma qərarı - dərmanı yox, avokadonu ucuzlaşdırdı...
3-05-2023, 19:43

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək.
Nazirlər Kabinetinin müvafiq qərarı 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.
Qeyd edək ki, Azərbaycan bir çox ölkələrdən meyvə idxal edir. Bu ilin yanvar-fevral aylarında Azərbaycan 46,92 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% çoxdur. Ancaq gömrük rüsumunun azadılması yalnız tropik meyvələrə şamil edilir. Bu da bir faktdır ki, əhali tropik meyvələrdən demək olar ki, cəmi bir neçəsinə üstünlük verir.
Həmin güzəştlərin əhalinin daha çox ehtiyacı olan meyvə-tərəvəzə tətbiq edilməsi daha məqəsəduyğun deyilmi?
TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-eskpert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, Nazirlər Kabinetinin qərarına görə, gələn ilin yanvarından avokado, marakuyya, rambutan, durian və s. meyvələri daha ucuz olacaq:
“Bu kimi güzəştlər əvvəllər də olub. Ancaq həmin meyvələrin Azərbaycanda ucuzlaşdığının şahidi olmadıq. Məsələn, daha çox alınan tropik meyvələrdən biri banandır.
Hələ də Gürcüstandan, Türkiyədən və digər qonşu ölkələrdən bahadır. Ona görə də bu qərarın hansısa qrupların maraqlarına, onların vergi, rüsum ödənişlərinin azaldılmasına xidmət edəcəyini söyləmək daha doğrudur.
Çünki əhalinin birbaşa güzəranına təsir edə biləcək qərar deyil. Ona qalsa, biz uzun müddətdir təklif edirik ki, dərman preparatları 18 faiz əlavə dəyə vergisindən (ƏDV) azad edilsin. Bu əhalinin böyük bir qisminə, əsasən də aztəminatlı ailələrə, təqaüdçülərə birbaşa təsir göstərə bilər.
Yaxud da ərzaq məhsullarının, marketlərdə ödədiyimiz ƏDV-nin 18 faizdən 2 faizə salınması ilə bağlı təkliflərlə çıxış etmişik. Təəssüf ki, bu təkliflərlə bağlı reaksiya gəlmədi.
Belə məsələlər gündəmə gəlib, qərarlar alınanda insan düşünür ki, bu, hansısa bir dar çərçivəli, onların maraqlarına xidmət edəcək bir qərardır”.