Məktəblərdən sonra növbə bağçalarda: - Minlərlə müəllim işdən azad edilir?

4-05-2023, 18:04           
Məktəblərdən sonra növbə bağçalarda: -
Bir neçə gün öncə bir qrup tərbiyəçi-müəllim Elm və Təhsil Nazirliyinin qarşısına toplaşaraq dərəcələrinin endirilməsindən sonra maaşlarının azalmasından şikayətçi olub.

Onlar 20-30 ilə yaxın paytaxtın müxtəlif bağçalarında tərbiyəçi-müəllim vəzifəsində çalışıb və buna uyğun olaraq dərəcələr alıblar. Hazırda sözügedən dərəcələri endirilib, səbəb kimi isə qeyri-ixtisas sahibləri olmaları göstərilib. Tərbiyəçi-müəllimlərin iddiasına görə, dərəcələr endirildikdən sonra əmək haqlarında da 100 manata qədər azalma olub.

Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən bağça müəllimlərinin dərəcəsinin azaldılması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib. Məlumata görə, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Bildiyiniz kimi, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.

Elm və Təhsil Nazirliyi məlumatda bildirib ki, yaranmış problemin həlli üçün hazırda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərə təhsil sənədlərini aidiyyəti quruma təqdim etmək üçün imkan yaradılıb. Sözügedən heyət tərəfindən müvafiq ixtisas üzrə təhsil sənədi təqdim edildiyi halda onların əməkhaqqı ödənişinin “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na əsasən ödənilməsi həyata keçiriləcək.

Maraqlıdır, tələb edilən sənəd nazirliyə təqdim edilmədiyi halda onlar işdən azad edilə bilərmi? Sənəd təqdim etməyən müəllimləri nə gözləyir?

DİA.AZ-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib ki, ümumiyyətlə, ölkəmizdə bağça dövrü kifayət qədər “başıbəlalı” keçib:

“Ümumiyyətlə, orta ümumtəhsil, ali təhsil kimi pillələrlə müqayisədə məktəbəqədər təhsil müəssisələrinə o qədər də lazımi diqqət göstərməmişik. Bir vaxtlar bu müəssisələr məktəbəqədər tərbiyə müəssisələri adlandırdı, sonra məktəbəqədər təhsil adlandırıldı. Adını da dəyişdik. Bir müddət isə özəl sektorun inkişafı adı ilə əlaqədar özəlləşdirmə adı ilə məktəbəqədər müəssisələrin özəlləşdirilməsi başladı.

Özəlləşdirmənin məqsədi də o idi ki, özəl sektor inkişaf etsin. Amma çox təəssüf ki, bunun nəticəsi olaraq 300-ə qədər bağçanı söküb yerində “göydələn”, şadlıq sarayları tikdilər. Yəni bizim bu bağçalar başıbəlalı dövr keçib. Bu da hazırda qüsurları ortaya çıxarır. İndi də Em və Təhsil Nazirliyi tabeçiliyinə qaytarılan bu sahəni inkişaf etdirməyə çalışır. Hər hansı müsabiqələr keçirilir, araşdırmalar aparılır. Bu addımı başa düşmək olar”.

Onun sözlərinə görə, həmin müəllimlər ixtisaslaşdırıldıqları üçün işdən azad olunmaları gecdir:

“Söhbət təkcə məktəbəqədər hazırlıq müəssisələrindən getmir. Bizim məktəblərimizdə də nə qədər qeyri-ixtisaslı, diplomunda dövlət nişanı olmayan müəllimlər var. 15-20 il işləyən tərbiyəçilərin günahı nədir ki, kimsə vaxtında nəyinsə, kiminsə hesabına onları işə qəbul edib? O müəllimlər artıq ixtisaslaşıb. 15-20 il işləyibsə, indi işdən azad etmək düzgün deyil.

Çıxış yolu kimi bağçalarda da sertifkatlaşdırma apararaq əməkhaqlarının difereseniyalaşdırılması həyata keçirilə bilər. Amma kimisə işdən azad etmək üçün gecdir. Neçə ildir ki, artıq bu sahədə çalışdıqları üçün ixtisaslaşıblar. Hesab edirəm ki, bu tədbirlərin keçirilməsi bağça işçilərində məsuliyyətə hesablanan addımdır, amma indi işdən çıxarılmaları doğru deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.