Süfrəmizi doldurub, cibimizi boşaldan ərzaqlar: Niyə xaricdən gətirilir?

19-05-2023, 00:20           
Süfrəmizi doldurub, cibimizi boşaldan ərzaqlar:
2023-cü ilin yanvar-aprel dövründə (ilk 4 ayda) Azərbaycana 748 milyon 212 min dollarlıq yeyinti məhsulları idxal edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 703 milyon 901 min dollarlıq yeyinti məhsulları idxal edilmişdi. Beləliklə, 2023-cü ilin ilk 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsullarının idxalının statistik dəyəri 44 milyon 311 min dollar artıb. Azərbaycana ət, süd, qarğıdalı, buğda, düyü və bitki yağları idxalının statistik dəyəri artıb.

Onu da qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% azalma deməkdir. Hesabat dövründə yazlıq buğda səpini 3310.4 hektarda aparılıb ki, bu da 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 20.4% azalma deməkdir. Cari ilin ilk 4 ayında kartof əkin sahələri 7.1%, tərəvəz əkin sahələri 7.9%, bostan əkin sahələri isə 22.4% azalıb.

Ölkədə davamlı olaraq ərzaq məhsullarının bahalaşdığı bir vaxtda xaricdən yeyinti məhsullarınn alışına daha çox pul sərf etməyin səbəbi nədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Cebhe.info-ya bildirib ki, ölkəmizə ildə 2 milyard dollardan çox kənd təsərrüfatı mənşəli yeyinti məhsulları idxal edilir və bu, ilbəil artır:

“Bunun səbəbi o deyil ki, biz idxalı stimullaşdırırıq, yaxud digər problemlər var. Əsas problem odur ki, daxildə istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə azalır. Azalan istehsalın yerini də nə iləsə doldurmaq lazımdır. Dünya iqtisadiyyatı inteqrasiya edir. Bazarda hansı məhsul çatışmırsa, dərhal onun yerini idxal tutur. Bizdə başları pambıq əkməyə qarışıb və kənd təsərrüfatında digər sahələrə nə torpaq verilir, nə də su çatdırılır. Su olan ərazilərdə də şoranlıq baş alıb gedir. Bu səbəbdən də istehsal həcmi azalır”.

Həmsöhbətimiz vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının istehsalı azalır və ona görə də idxal artır ki, bu da təbii prosesdir:

“Problemi gömrükdə, idxal edən sahibkarda, yaxud inhisarçıda görməməliyik. Biz o suala vacab verməliyik ki, ölkədə kənd təsərrüfatı mənşəli ərzaq məhsullarının istehsalı, heyvanların sayı niyə azalır? Bunun azalmasının səbəbi çox sadədir. Bütün ölkənin bəhərli torpaqlarını pambığa kökləmişik. Yüz min hektarlarla pambıq əkilən ərazilərin böyük əksəriyyəti heyvandarlıqla məşğul olan fermerlərin əlindən alınıb. Biz kənd təsərrüfarını pambığa qurban vermişik. İstehsal azaldıqda da idxalın artması normal prosesdir”.

Ekspert deyir ki, Qarabağda əsasən taxıl əkilir və ötən il taxıl əkini sahələrinin təxminən 50 min hektardan çoxunda nəticə o qədər də yaxşı olmayıb:

“Məhsuldarlıq aşağıdır. İşğaldan azad edilmiş ərazilərdə aqroparklar əkin aparır. Laçın və Kəlbəcər heyvandarlıq seqmentinə uyğun ərazi olduğuna görə orada başqa bir iş görə bilmirik. Bunun bir səbəbi o ərazilərdə gediş- gəlişin çətin olması, mina təhlükəsi ilə bağlı işçi qüvvəsinin azlığıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.